Bakı. Trend:
“Environmental Protection First” (EPF) Koalisiyasının üzvü olan “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji zərbə ilə əlaqədar BMT-də məsələ qaldırıb.
Trend xəbər verir ki, o, 22 sentyabr tarixində Baş Assambleyanın vərəmlə bağlı keçirilən yüksək səviyyəli görüşündə Ermənistanın qanunsuz və heç bir ekoloji norma və standartlar gözlənilmədən apardığı dağ-mədən sənayesi işlərinin həm region insanlarının sağlamlığını, həm də region ekosistemini təhdid etdiyini bildirib.
P.Vəliyeva Baş Assambleyaya səslənərək deyib:
“Təmsil etdiyim təşkilat hazırda Cənubi Qafqaz regionunda
Ermənistan Respublikası tərəfindən ekoloji norma və standartları
kobud şəkildə pozan dağ-mədən sənayesinin qarşısını almaq məqsədilə
advokasiya fəaliyyəti aparır. Ermənistan yüksək zəhərli kimyəvi
tullantıların ətraf mühitə atılmasına məsul olmaqla beynəlxalq
qəbul edilmiş bir çox konvensiyaları, o cümlədən Transsərhəd
kontekstdə BMT-nin Espoo Konvensiyasının tələblərini kobud şəkildə
pozaraq Transsərhəd çayları çirkləndirir.
Biz insan sağlamlığına və ekosistemimizə zərər vuran,
sağlamlığımızı riskə atan bütün cəhdləri pisləyirik”.
Azərbaycan vətəndaş cəmiyyəti təmsilçisinin çıxışı alqışlarla qarşılanıb.