...

Növbəti toxum sərgi-satış yarmarkasının yeri açıqlandı

Cəmiyyət Materials 28 Sentyabr 2023 20:04 (UTC +04:00)
Növbəti toxum sərgi-satış yarmarkasının yeri açıqlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti toxum sərgi-satış yarmarkası Sabirabad rayonunda keçirilib.

Trend bu barədə nazirliyə istinadən xəbər verir.

Yarmarkada Sabirabad, Saatlı, Biləsuvar, İmişli, Salyan rayonlarının fermerləri iştirak edib. Toxum sərgi-satış yarmarkasında kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyalar, müxtəlif növ bitki sortlarının sertifikatlı toxumları nümayiş olunub.

Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bildirib ki, kənd təsərrüfatının bütün sahələrində olduğu kimi toxumçuluğun inkişafına mühüm diqqət yetirilir. Bu gün rayonda keçirilən toxum sərgi-satış yarmarkası rayon və ətraf bölgələrdən olan fermerlərə keyfiyyətli toxum almaq üçün böyük imkanlar yaradır. Çünki məhsuldarlığı artırmaq üçün fermerlər keyfiyyətli toxuma üstünlük verməlidirlər.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, bu gün toxum istehsalında müasir innovasiyalardan istifadə olunur, müxtəlif iqlim şəraitinə uyğun toxumlar yetişdirilir. Ən əsası fermerlərin sərbəst seçim etmək imkanı var, regionlarda keçirilən yarmarkalar belə imkanlardan biridir.

Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsədlərdən birinin toxum bazarını, o cümlədən yerli toxumçuluğu daha da inkişaf etdirməkdən ibarət olduğunu qeyd edib.

Tədbir çərçivəsində “Toxumçuların Milli Forumu” da keçirilib. Forumda 100-ə yaxın toxum istehsalçısı və şirkət nümayəndələri iştirak edib. Forum zamanı Azərbaycan Toxumçular Assosiasiyası tərəfindən Assosiasiyaya üzv şirkətlərə üzvlük şəhadətnamələri təqdim edilib.

Qeyd edəki, növbəti toxum sərgi-satış yarmarkası Aqrar İnnovasiya Festivalı çərçivəsində Biləsuvar rayonunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti