Bakı. Trend:
Noyabrın 6-da Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları arasında beynəlxalq idman yarışlarına start verilib.
Trend-ə Müdafiə Nazirliyindən verilən məlumata görə, yarışların açılış mərasimində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə hər üç ölkənin Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər şəxsi heyətin fiziki hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantlarının iştirakı ilə keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb, komandalara uğurlar arzulayıblar.
Bildirilib ki, futbol, voleybol, üzgüçülük və yüngül atletika üzrə keçirilən yarışlarda ümumilikdə 80 hərbi qulluqçu iştirak edir.
İlkin mərhələdə “Azərbaycan” və “Türkiyə” komandaları arasında futbol və voleybol üzrə yarışlar keçirilib.
Qeyd edək ki, noyabrın 10-dək davam edəcək beynəlxalq yarışların yekununda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılacaqlar.