Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbiri keçirilib.
Trend-in məlumatına görə, saytlarda ikinci dəfə aparılan monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə dövlət qurumlarının rəsmiləri, ziyalılar, jurnalistlər, müxtəlif saytların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Mərkəzin direktoru professor Sevinc Əliyeva giriş nitqində tədbirin keçirilməsində başlıca məqsədin monitorinq zamanı aşkarlanan dil qüsurlarının təqdim edilməsi, onları əmələ gətirən səbəblərin müəyyənləşdirilməsi və mövcud nöqsanların aradan qaldırılması istiqamətində müzakirələrin aparılması olduğunu bildirib.
Ana dilinin saflığının qorunması və inkişafının dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən S.Əliyeva ölkəmizdə dil siyasətinin formalaşdırılması və Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsində ümummilli lider Heydər Əliyevin, eləcə də onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıb.
Jurnalistlərimiz tərəfindən ədəbi dil normalarına riayət olunması və onların təcrübədə düzgün tətbiqinin vacibliyini nəzərə çatdıran natiq bəzi media işçilərinin dilimizin normalarının tələblərini ya yetərincə bilmədiklərini, ya da bu işə laqeyd yanaşdıqlarını bildirib.
Prof. S.Əliyeva həmçinin saytlarda dərc olunan mətnlərdəki qüsurların bir qismini müsahiblərin fikirlərinin jurnalistlər tərəfindən redaktə edilmədən, xarici mənbələrdən olan xəbərlərin isə hərfi tərcümə olunaraq verilməsi səbəbi ilə izah edib, ad və soyadların transliterasiyası məsələsi kimi mübahisəli məsələlərdə media nümayəndələrini diqqətli olmağa çağırıb.
“Saytlarımız monitorinq aynasında” adlı məruzə ilə çıxış edən şöbə müdiri Vəfa İsmayılova aşkar edilmiş 4500 dil faktından 3564-nün hesabata daxil edildiyini (1371 orfoqrafik, 356 leksik, 909 qrammatik norma pozuntusu, 928 üslub və ifadə səhvi) bildirib. Natiq əvvəlki monitorinqlə müqayisədə müəyyən irəliləyişlərin olmasına baxmayaraq, ədəbi dil normalarının pozulması hallarına hələ də çox rast gəlindiyini təəssüflə qeyd edib.
Müzakirələr zamanı qonaqlar saytların monitorinqə cəlb edilməsinin dilimizin saflığının qorunması, eləcə də xəbər və məlumatların doğru təqdim olunması işinə mühüm töhfə verəcəyini bildiriblər. Sonda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd olunub.