...

Məişət zorakılığı ilə bağlı müraciətlər son dörd ildə 3 dəfə artıb

Cəmiyyət Materials 6 Dekabr 2023 10:38 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər son dörd ildə 3 dəfə artıb. 2020-də 178, 2023-ün 11 ayında 550 müraciət daxil olmuşdu.

Trend xəbər verir ki, bu barədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, vaxtında və operativ yardım xidmətlərinin göstərilməsi zərər çəkmiş şəxslərin dövlət orqanlarına və digər xidmət subyektlərinə etimadını artırıb.

“Zorakılığın səbəb və nəticələrinin, təkrar baş vermə riskinin aradan qaldırılması, törədənlərin cəzalandırılması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər gücləndirilib, polis əməkdaşları təlimatlandırılıb.

AR Baş Prokurorluğunda Cinayət təqibindən kənar icraatlar İdarəsi yaradılmış, həmçinin intihar hallarının qarşısının alınması üzrə işçi qrupu fəaliyyətə başlayıb”, - deyə sədr əlavə edib.

Qeyd edək ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransda dövlət orqanlarının vəzifəli şəxsləri ilə yanaşı, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisinin rəhbəri, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və Ailə Komitəsinin sədri, Almaniya Schlesviq-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarusiya, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti