Bakı. Trend:
Təəssüf ki, hazırda qadınlara qarşı məişət zorakılığı halları ən kəskin problemlərdən biri kimi qalmaqdadır.
Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricjsi Vladanka Andreeva dekabrın 6-da Bakıda keçirilən "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxış zamanı deyib.
Onun sözlərinə görə, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində davamlı olaraq işlər görülür.
"Bu istiqamətdə təşəbbüslər həyata keçirilir. Hökumətdən olan tərəfdaşlarımıza dəstək verərək, onların yeni qanunlar və təkliflər planı hazırlamasına dəstək göstərməyə çalışırıq. Uşaqların tez evləndirməsinin qarşısının alınması və qadınların səlahiyyətləndirilməsi istiqamətində işlər görülür.
Problemin maksimuma endirilməsi üçün hər cür dəstəyi verməyə hazırıq. İnanıram ki, bununla gələcəkdə daha təhlükəsiz və bərabər cəmiyyət yarada bilər, Azərbaycanda qadınlar və qızlar üçün daha təhlükəsiz bir cəmiyyət formalaşdıra bilərik", - deyə o bildirib.
Qeyd edək ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransda dövlət orqanlarının vəzifəli şəxsləri ilə yanaşı, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisinin rəhbəri, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və Ailə Komitəsinin sədri, Almaniya Schlesviq-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarusiya, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri iştirak edir.