Bakı. Trend:
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına istinad edərək, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq uşaqlara, şagird və valideynlərə həyəcanlanmamağı və narahat olmamağı tövsiyə edirik.
Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
"Hazırda həm Bakı Şəhər Təhsil İdarəsinin, həm də Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tədris davam etdirilir", - deyə qeyd edilib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.