Bakı. Trend:
Yay mövsümündə tərləmə ilə itirdiyimiz su dehidratasiya (orqanizmin susuzlaşması) yarada bilər. Bu barədə Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin qastroenteroloqu Saniyə Şahverənova deyib.
Trend S.Şahverənova ilə müsahibəni təqdim edir:
- Saniyə xanım, yay fəslində insanın mədə-bağırsaq sistemində hansı dəyişikliklər baş verir?
- Orqanizmin istidən daha bir qorunma mexanizmi dəriyə qan
axınını artıraraq, ordan bədən hərarətini aşağı salmaqdır. Bu da
mədə-bağırsaqda gedən qan dövranını zəiflətdiyi üçün həzm
çətinliyi, yəni köp, toxluq, ağırlıq hissi yarada bilər.
Eyni zamanda, bir çox insanlarda isti havalar zamanı iştahsızlıq
müşahidə olunur. Bu da müntəzəm qidalanmaya vərdiş edən orqanizmdə
ifraz olunan ödün, xlorid turşusunun mədə bağırsağımızdakı selikli
qışalara qıcıqlandırıcı təsiri və nəticədə qıcqırma, mədə ağrısı,
mədə yanğısı kimi şikayətlərə səbəb ola bilər.
- Doktor, bu narahatçılıqların qarşısını necə almaq olar?
- Yay aylarında ilk növbədə yetərincə maye qəbul etməliyik və
orqanizmi pstilənməkdən qorumalıyıq. Eyni zamanda, alkoqol və şirin
içkilərdən uzaq durmaq tövsiyə olunur. Çünki onlar orqanizmin
susuzlaşmasını artırır.
Südlü məhsul olan və yay aylarında geniş istifadə olunan dondurma
ilkin susuzluq hissinə xoş təsir bağışlasa da, sonradan bədən
hərarətini artırır. Ona görə də, susuzluq zamanı dondurma yemək
tövsiyə olunmur.
Qidalanma rejimimizi pozmamalıyıq, eyni zamanda həddindən artıq
qidalanıb bədənimizi yükləməməliyik.
- Yay fəslində dəniz suyu hansı xəstəliklərə səbəb ola bilər?
- Dəniz suyu və qum vannası sanator-kurort reabilitasiyasının
çox vacib hissələridir. Sadəcə təhlükəsizliyimiz üçün bəzi amillərə
diqqət yetirmək lazımdır. İshal, ürəkbulanma, qarın ağrısı, bəzən
qızdırma timsalında tanıdığımız infeksion qastroenteritlər yayda
tez-tez rast gəlinən mədə-bağırsaq pozuntularındandır.
İkinci problem bu mövsümdə lazımi şəraitdə saxlanılmayan
məhsulların istehlakıdır. İsti hava bakteriyaların böyümə sürətini
artırır. Əlavə olaraq isə istiyə məruz olan qidaların qəbulu, hətta
təkcə ətraf mühitin temperaturun özü daxili mikrobiotamızı,
bağırsaq floramızı dəyişir və köp, ishal, həzm çətinliyi kimi
şikayətlər meydana gəlir.
- Bu cür hallarla rastlaşmamaq üçün hansı qaydalara riayət etmək lazımdır?
- Dəniz suyunun udulmasının mümkün qədər qarşısı alınmalı,
gigiyena qaydalarına və qidanın saxlanma şəraitinə düzgün əməl
olunmalıdır. Elektron qida termometri qida təhlükəsizliyini təmin
etmək üçün zəruri elementdir. Əgər əks göstərişimiz yoxdursa, təbii
probiotik olan qatıqdan mütəmadi istifadə edə bilərsiniz.
Bildiyiniz kimi, mövsümi meyvə və tərəvəzlərin mütəmadi
istehlakının faydaları çoxdur. Onlar vitamin, mineral deposu
olmaqdan əlavə, qida lifi və su mənbəyidir. Bu da istilərdə
orqanizmimizin susuzlaşdığı bir dövrdə çox lazımdır. Amma yay
aylarında çoxlu su itirdiyimizə görə, adətən bizim üçün faydalı
olan mədə-bağırsaq ifrazatının (öd, turşu istehsalı) artması ilə
bəzi xroniki xəstəliklərin simptomları aktivləşə bilər. Bunlar
arasında qastro-ezofageal reflyuks xəstəliyi, qastritlər, mədə və
onikibarmaq bağırsağın xora xəstəliyi, duodenitlər, funksional
dispepsiya və digər xəstəlikləri qeyd etmək olar.
Yay mövsümündə öz istirahətlərini mənalı və yaddaqalan keçirməsi
üçün insanlar təbiətin qoynunda dincəlməyə üstünlük verirlər. Bu
zaman istehlak edilən hazır və sağlam olmayan qidalar, manqalda
hazırlanan yağlı yeməklər, spirtli içkilər - bunlar hamısı həzm
sisteminin selikli qişasını qıcıqlandırır, tez-tez qəbizliyə səbəb
olur və öd kisəsinin fəaliyyətini pozur.
Qeyd etmək lazımdır ki, qida qəbul etdikdən sonra mədə-bağırsaq
sisteminə qan axını sürətlənir. Həzmdən bir saat əvvəl fiziki
aktivliyə başlasaq, həmin axın sürətlənə bilməyəcək. Çünki qan
axını əzələlərə doğru yönələcək və həzmsizlik əlamətləri müşahidə
olunacaq. Bunlara köp, ağırlıq hissi, qıcqırma və digərləri
daxildir.
- Yay aylarında qapalı məkanlarda vaxt keçirən insanlara nə tövsiyə edərdiniz?
- Bol maye qəbul edilməli, sərin məkanlarda olmalı, günəşin pik saatlarında açıq havada vaxt keçirməməli, mümkün qədər sağlam qidalanma və mövsümi meyvə-tərəvəzlərin qəbuluna üstünlük verilməlidir.