Bakı. Trend:
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) xüsusi təyinatlı bölmələri ilə
“Gecə şəraitində düşmən obyektinə qəfil basqın” mövzusunda
taktiki-xüsusi təlim keçirilib.
Plana əsasən icra olunacaq fəaliyyətlər xəritə üzərində
dəqiqləşdirilib.
Trend xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xüsusi təyinatlılar məhdudgörmə şəraitində şərti
düşmənin dərinliyinə sızaraq pusqu, basqın və müxtəlif təlim-döyüş
tapşırıqlarını yerinə yetiriblər.
Vaxt normativinə uyğun təyin olunan yüksəklik xüsusi təyinatlılar
tərəfindən ələ keçirilib, dairəvi mühafizə və müdafiənin təşkili
ilə növbəti hakim yüksəkliyin tutulması üçün mobil qruplar
fəaliyyətini davam etdirib.
Təlim zamanı təminat-təxliyə qrupları tərəfindən yaralıların
təxliyəsi və sursat təminatının çatdırılması da praktiki məşq
etdirilib.
Azərbaycan Ordusunun son dövrlərdə apardığı uğurlu döyüş
əməliyyatlarında qazanılan təcrübənin tətbiq edildiyi
taktiki-xüsusi təlimdə verilən tapşırıqlar yüksək peşəkarlıq və
səriştə ilə yerinə yetirilərək qarşıya qoyulmuş məqsədlərə tam nail
olunub.