Bakı. Trend:
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Zəminə Paşayeva nazirliyin saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Zəminə xanım, İnsanın İmmunçatışmazlığı Virusları (İİV) orqanizmdə daha çox hansı orqan və sistemləri zədələyir?
- İmmunçatışmazlığı Virusları ilə yoluxmadan sonra virus insan orqanizmin daxili maye mühitlərində aktivliyə malik olaraq dövr edir. Qanda və digər bioloji mayelərdə dövr edən virus orqanizmdə CD4+ reseptorları olan hüceyrələrə aktiv şəkildə nüfuz edir. Qeyd olunmalıdır ki, müdafiə funksiyasını həyata keçirən orqan və sistemlər bu reseptorlarla xüsusilə zəngindir. Virus onun üçün hədəf hüceyrələr hesab olunan CD4 limfositləri zədələyir. Həmçinin, dərinin, mədə-bağırsaq traktının, tənəffüs, sinir sisteminin, ümumilikdə orqanizmin patogen mikroorqanizmlərə, bakteriya və viruslara, xarici faktorların təsirinə qarşı müdafiə qabiliyyəti zəifləyir. Nəticədə, orqanizmdə geriyə dönən və bəzən geriyə dönməz dəyişikliklər yaranmağa başlayır. İİV-ə yoluxan şəxslərin orqanizmində baş verən bu dəyişikliklər daha çox hallarda özünü dərinin müxtəlif xarakterli zədələnmələri, Kapoşi sarkoması, mədə bağırsaq sisteminin kandidozu, vərəm, müxtəlif mənşəli pnevmoniyalar, ensefalopatiyalar və s. şəklində biruzə verir.
- İİV-ə yoluxma şübhəsi varsa, ilk olaraq insanda hansı əlamətləri müşahidə edə bilər?
- İİV-ə yoluxan şəxslərdə müşahidə olunan kliniki əlamətlər
digər infeksion və qeyri infeksion xəstəliklərdə müşahidə olunan
əlamətlərlə oxşardır. Belə ki, xəstəlik erkən mərhələlərdə daha çox
ümumi halsızlıq, iştahanın zəifləməsi, periferik limfa düyünlərinin
böyüməsi, hərarətin yüksəlməsi kimi əlamətlərlə özünü biruzə verir.
Sonrakı mərhələlərdə isə İİV viruslarının replikasiyasının
sürətlənməsi və virusun səviyyəsinin artması hesabına digər kliniki
əlamətlər meydana çıxır. Belə ki, dəridə müxtəlif xarakterli
səpkilərin əmələ gəlməsi, ishal, ağız boşluğunun, qida borusunun
kandidozu ilə əlaqədar qida qəbulunun çətinləşməsi, hərarətin
davamlı yüksəlməsi, çəki itkisi, öskürək və s. əlamətlər müşahidə
olunur. Sadalanan kliniki simptomların digər xəstəliklər zamanı da
müşahidə olunduğunu nəzərə alaraq, bu əlamətli şəxslərin İİV-ə
müayinə olunmaları tövsiyə olunur.
Eyni zamanda, İİV infeksiyası üçün uzun müddətli gizli gedişat da
xarakterikdir. Belə ki, bəzən İİV-ə yoluxan şəxslər 2 ildən 10 ilə
qədər heç bir kliniki əlamət və simptomatika müşahidə olunmadan
yaşaya və virusu digər şəxslərə yoluxdura bilirlər. Buna görə də,
azı ildə iki dəfə müayinədən keçməklə, gizli gedişata malik
infeksiya zamanı da İİV status barədə məlumat əldə etmək
vacibdir.
- Doktor, İİV-ə yoluxan şəxslərdə müşahidə olunan ağırlaşmaların və yanaşı xəstəliklərin müalicəsi necə aparılır?
- İlk öncə qeyd etmək istərdim ki, İİV-ə yoluxan şəxslərin
müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən,
Milli protokola uyğun həyata keçirilir. İİV müsbət statusu təyin
olunan hər bir pasiyent ARV terapiyaya cəlb olunmazdan öncə həkim
infeksionist tərəfindən ətraflı müayinə olunur, anamnestik
məlumatlar toplanır, xəstədə yanaşı xəstəliklərin mövcudluğu
araşdırılır, İİV infeksiyası ilə əlaqəli yaranan ağırlaşmalar
dəyərləndirilir və kliniki, laborator, instrumental müayinə
nəticələri qiymətləndirilir. İİV-ə yoluxan şəxslər üçün xüsusilə
əhəmiyyət kəsb edən immunoloji status və virus yükünün səviyyəsinə
əsasən xəstəyə müalicə sxemi təyin edilir və opportunistik
infeksiyaların profilaktikasına başlanılır.
İİV-ə yoluxan şəxslərin müalicəsi Respublika QİÇS-lə Mübarizə
Mərkəzində ambulator və stasionar şəraitdə aparıla bilər. Xəstədə
yanaşı xəstəliklər müşahidə olunduğu təqdirdə, həmin ağırlaşmaların
ixtisaslaşmış diaqnostikası və ARV terapiya qəbulu zamanı müşahidə
olunan yan təsirlərin idarə olunması məqsədilə xəstələr stasionar
şöbədə öz müalicələrini davam etdirirlər. Daha spesifik xarakterli
ağırlaşmalar aşkar olunan zaman İİV-ə yoluxan şəxslər həmin
xəstəliklər üzrə ixtisaslaşmış digər tibb müəssisələrinə
yönləndirilirlər.
- İİV-ə yoluxan şəxslər ailə həyatı qura bilərmi?
- İİV-ə yoluxan şəxslər həkim tövsiyələrinə ciddi nəzarət etməklə, ailə həyatı qura bilər. İİV müsbət statusu olan şəxsin İİV infeksiyasını öz partnyoruna yoluxdurmasının qarşısının alınması məqsədilə həmin şəxsə veriləcək vacib tövsiyələrdən biri vaxtında antiretrovirus preparatlarının qəbuluna başlamasıdır. Çünki ARV terapiya İİV-ə yoluxan şəxslərdə virusun qanda müəyyən olunmayan səviyyəyədək enməsini və immunitetin bərpasını təmin etməklə yanaşı, eyni zamanda epidemioloji cəhətdən virusun bir şəxsdən digərinə ötürülməsinin qarşısını alır. Lakin burada vacib məqamlardan biri pasiyentin ARV terapiyaya sadiqliyidir. Xəstələrin müalicə rejiminə düzgün əməl etməməsi, ARV terapiyada uzunmüddətli və periodik fasilələrin verilməsi virusun yenidən aktivləşməsinə, rezistent ştamların yaranmasına səbəb ola bilər.
- İİV-ə yoluxan şəxs üzərində tibbi manipulyasiyalar icra edən zaman, təsadüfi zədələnmələr baş verərsə, hansı tədbirləri görmək lazımdır?
- Bildiyimiz kimi, tibb işçiləri daim infeksion və qeyri
infeksion faktorların təsirinə məruz qalırlar. İİV-ə yoluxan
şəxslərə tibbi manipulyasiyalar və prosedurlar icra edilən zaman
universal təhlükəsizlik qaydalarına riayət olunması vacib şərtdir.
Belə halların qarşısının alınması məqsədilə Respublika QİÇS-lə
Mübarizə Mərkəzi tərəfindən “Tibb müəssisələrində İİV
infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik
qaydaları” adlı vəsait dərc olunub və tibb işçilərinin
maarifləndirilməsi məqsədilə paylanılıb. Universal təhlükəsizlik
tədbirləri İİV-in pasiyentlə tibb işçisi arasında ötürülmə riskinin
azaldılmasına yönəldilən tədbirlər kompleksidir.
Bilmək lazımdır ki, təmasdan sonra profilaktika təmas baş verdiyi
andan 72 saatdan gec olmayaraq aparıldıqda effektivdir.