Bakı.Trend:
Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum keçirilib.
Trend xəbər verir ki, forumda İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib.
Onlar içərisində İraq parlamentinin Türkmanlar qrupunun sədri, ictimai-siyasi xadim Ərşad Saleh, İraq Tarixçiləri Birliyinin təmsilçisi, “Türkmaneli” qəzetinin baş redaktoru Najat Şükür, İraq türkmanlarının “Tert TV” kanalının rəhbəri Türkeş Saleh, Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarık Sulo Cevizci, Suriya Türkman Platformasının yaradıcısı Əsəd Arber və digər şəxslər də olub.
Forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panellərdə türkman əsilli vətəndaş cəmiyyəti təmsilçiləri yerli QHT-lərlə birgə müzakirələr aparacaq.
Forum öncəsi - 15-17 mart tarixlərində türkman qonaqlar İraqda yaşayıb-yaratmış dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə adlandırılan Füzuli şəhərinə və işğaldan azad edilmiş digər ərazilərə - Şuşa, Xankəndi, Xocalı, Suqovuşana səfər edib, bayram şənliklərinə qatılıb, Bakıda Zəfər Parkını, Hərbi Qənimətlər Parkını və digər görməli yerləri ziyarət ediblər.
Forum bədii hissə ilə davam edib.
Forumdan sonra türkman qonaqlarla birgə Bakıda Novruzun ilaxır çərşənbəsi qeyd olunub.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva tədbirdə çıxış edərək bildirib ki, türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb:
"Mübaliğəsiz deməliyik ki, tarixin acı sınaqlarına, müxtəlif dövrlərdəki çətinliklərə baxmayaraq, türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb, yaşadıqları ölkələrin tərəqqisinə mühüm töhfələr verib, rifahın, əmin-amanlığın təmin olunmasında yaxından iştirak edib".
O qeyd edib ki, xüsusilə ortaq dəyərlərimiz, güclü milli ruhumuz və faəl vətəndaş mövqeyində olan insanların həmrəyliyi bu ənənələri müasir dövrümüzə qədər gətirib çıxarıb.
"Bu konfransın məqsədi də vətəndaş cəmiyyətlərinin həmrəyliyinin vacibliyini bir daha diqqətə çatdırmaqdır. Çünki bizə məxsus olan ortaq dəyərlər-əsrlər boyu formalaşan ədəbiyyatımız, dastanlarımız və şifahi xalq yaradıcılığımız bizim böyük sərvətimizdir.
Oğuz Kağan, Dədə Qorqud dastanları, Füzuli poeziyası Türkmanların mənəvi dünyasını əks etdirir, bugünkü birliyimizin təməlini qoyur. Bu ədəbiyyat təkcə ortaq keçmişimizin göstəricisi deyil, həm də ortaq gələcəyimizi işıqlandıran mayakdır", - o bildirib.
İraq parlamentinin deputatı Ərşad Rəşad Salehi isə öz növbəsində qeyd edib ki, biz eyni mədəniyyəti, dili, tarixi bölüşürük.
"Ayrı yerlərdə yaşasaq da, biz bütün bu dəyərləri qoruyub saxladıq:
Türkmanlar çox əziyyət çəkib. Ermənilər Kərkükdə türkmanları da qətlə yetiriblər. Lakin bunlara baxmayaraq, türkmanlar özünə gəldi. Bundan başqa, türkmanlar bir çox qətliama məruz qalıb.
Mən İraqda Xocalı qətliamını siyasi hökumətə çatdırıram. Əli qana bulaşan ermənilərin hərəkətindən hamı xəbərdar olmalıdır”.
Əlavə olaraq Milli Məclisin deputatı Fazil Mustafa isə bildirib ki, İraqda türkmanlar çox zülm çəkib.
O qeyd edib ki, bu gün türkmanlar ayaqdadırlarsa, bu, onların iradəsinin göstəricisidir.
“Orada baş verən proseslərin içində ayaqda qalmaq qəhrəmanlıqdır. Biz artıq siyaət üzərindən hədəfə doğru müzakirələr aparmalıyıq.
Bir yerdə yol xəritəmizi müzakirə edib müəyyən edək”, - deyə deputat qeyd edib.
Xəbər yenilənəcək