Bakı. Trend:
Azərbaycanın milli aviadaşıyıcısı AZAL ilə Özbəkistanın bayraq daşıyıcısı “Uzbekistan Airways” arasında yeni kod-şerinq müqaviləsi imzalanıb.
AZAL-dan Trend-ə bildirilib ki, bu müqavilə Azərbaycan ilə Özbəkistan arasında səyahətlər üçün yeni imkanlar açır.
Kod-şerinq müqaviləsi aviaşirkətlər arasında əməkdaşlıq formasında bağlanır. Bu, onlara birgə uçuşlar həyata keçirmək, tərəfdaşın reyslərində öz kodları ilə bilet satmaq və sərnişinlərə daha geniş marşrut və seçim təqdim etmək imkanı verir.
Yeni əməkdaşlıq sərnişinlərə Bakı ilə Daşkənd və Daşkənd ilə Bakı arasında səyahətlərini planlaşdırarkən daha çox rahatlıq təqdim edir. İndi səyahətçilər hər iki aviaşirkət tərəfindən həyata keçirilən həftədə doqquz uçuş arasında ən uyğun variantı seçə bilərlər.
Həmçinin müqavilə tranzit sərnişinlər üçün imkanları genişləndirir, Bakı və Daşkənddəki hava limanları vasitəsilə daha rahat bağlantılar ilə beynəlxalq marşrutlara çıxışı asanlaşdırır.
Bundan əlavə, “Uzbekistan Airways” aviaşirkətinin sərnişinləri Özbəkistanın ikinci mühüm turizm və mədəniyyət mərkəzindən komfortlu və rahat uçuşlar üçün Azərbaycan Hava Yollarının Bakı–Səmərqənd–Bakı marşrutunda təqdim etdiyi imkanlardan yararlana biləcəklər.
“Uzbekistan Airways” ilə bu tərəfdaşlıq aviaşirkətlərin təkcə marşrut şəbəkəsini genişləndirmək deyil, həm də ölkələrimiz arasında əlaqələri daha da gücləndirmək istəyini nümayiş etdirir. Sərnişinlərimizə daha çox rahatlıq, çeviklik və yeni səyahət istiqamətləri təqdim etməkdən məmnunuq. Bu müqavilə Azərbaycan ilə Özbəkistan arasında daha sıx əməkdaşlıq, turizmin inkişafı və dostluğun möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımdır”, — deyə Azərbaycan Hava Yollarının Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə bildirib.
“Uzbekistan Airways”in Ticarət və Turizm üzrə İdarə Heyətinin sədr müavini Şuxrat Yadqarov isə qeyd edib: “Hər yeni razılaşma ilə biz şəhərlərimizi və mədəniyyətlərimizi daha da yaxınlaşdırırıq. AZAL ilə imzalanan kod-şerinq müqaviləsi həm sərnişinlər üçün rahatlıq, həm də Özbəkistan ilə Azərbaycan arasında dostluq və açıqlığın rəmzidir. Əminik ki, bu əməkdaşlıq yeni səyahət imkanları yaradacaq və xalqlarımızın daha da yaxınlaşmasına töhfə verəcək.”
Saziş iki ölkə arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi, biznes və turizm mübadiləsinin inkişafı, həmçinin iki milli aviadaşıyıcının səylərini birləşdirərək sərnişinlərə xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addım hesab edilir.