Bakı. Trend:
BMT əsasnaməsi çərçivəsində qətnamə ilə nüvə proqramının qanuniliyi təsdiqlənən İranın nüvə obyektlərinə hücumlar əsaslandırıla bilməz.
Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (16 iyun) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İranın nüvə proqramı BMT əsasnaməsinin 7-ci müddəası çərçivəsində qətnamə ilə qanuniliyi təsdiqlənən yeganə nüvə proqramıdır. Belə bir dinc məqsədli nüvə proqramı özünün nüvə silahları olan İsrail tərəfindən hücuma məruz qalıb. Bu addım Nüvə Silahlarının Yayılmamasına dair Sazişə (NPT) və beynəlxalq hüquqa təhlükəli zərbədir.
Bəqai bildirib ki, hazırkı şəraitdə İranın Avropa ölkələri, xüsusilə Böyük Britaniya, Fransa və Almaniyadan təbii gözləntisi İsrailin hücumunun dayandırılması və İranın nüvə obyektləri, xüsusilə Nətənz nüvə obyektinə edilən hücumu açıq-aşkar qınanılmasıdır.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.