Bakı. Trend:
İranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişdə (NPT) qalıb-qalmaması kimi önəmli məsələlər əlaqədar dairələrdə araşdırılmalıdır.
Trend-in məlumatına görə, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu gün (16 iyun) Tehranda mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran Nüvə Silahlarının Yayılmamasına dair Sazişdəki vəzifəsini bilir və İranın qənaətincə, Qərbi Asiyada heç bir tərəfin nüvə silahı olmamalıdır. Elə buna görə, İran Qərbi Asiyada kütləvi qırğın silahının olmamasının tərəfdarıdır.
Bəqai deyib ki, İran nüvə silahları da daxil olmaqla, istənilən kütləvi qırğın silahlarını qadağan hesab edir.
Əlavə edək ki, İran parlamentinin deputatı Mehdi Kuçekzadə İranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən çıxması ilə bağlı layihə hazırlayıb. Həmin layihə hazırda parlamentin audit idarəsi tərəfindən yoxlanmaqdadır. Layihə yoxlandıqdan sonra parlamentin gündəminə salınması üçün deputatlar tərəfindən imzalanmalıdır.
Qeyd edək ki, AEBA son hesabatında bildirib ki, 17 may 2024 tarixinədək İranın 60% dərəcəsində zənginləşdirdiyi uranın həcmi 408,6 kiloqram təşkil edib. 60% dərəcəsində zənginləşdirilən uran fevral ayında verilən hesabatla müqayisədə 133,8 kiloqram artıb. Hesabatda bu səviyyədə zənginləşdirmənin 90% zənginləşdirmə səviyyəsinə (silah səviyyəsi hesab olunur) qısa texniki addım olduğu hesab olunub. Agentlik İranı tam və effektiv əməkdaşlığa çağırıb.