Bakı. Trend:
İran heç vaxt nüvə silahı ardınca olmayıb, lakin nüvə enerjisindən istifadə etmək üçün kimsədən qorxmur.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (16 iyun) İran parlamentində yeni iqtisadi işlər və maliyyə nazirinə etimad səsinin verilməsi ilə əlaqədar iclasda çıxışında deyib.
Onun sözlərinə görə, İran nüvə enerjisindən və vətəndaşların xeyrinə olan tədqiqatdan istifadə etmək haqqına sahibdir. Bu haqqı heç kim İrandan ala bilməz. İran bu haqqı almaq üçün var gücü ilə dayanıb və bununla bağlı heç bir gücdən qorxmur.
Pezeşkian deyib ki, İranın Ali Liderinin elan etdiyi siyasətə əsasən İran ABŞ ilə dolayı müzakirələr aparıb. İran müzakirə prosesini davam etdirməkdə idi. Bu isə İranın nüvə silahı ardınca olmadığını bir daha sübut edir. Lakin ABŞ tərəfi beynəlxalq qaydaların əksinə olaraq İsrailin İrana hücum etməsinə icazə verib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.