Bakı. Trend:
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Trend xəbər verir ki, bu gün yarışda Azərbaycan millisinin tərkibində yalnız bir idmançı mübarizəyə qoşulub – Zelim Tçkayev.
İlk mərhələni buraxan Tçkayev 1/16 finalda Çin təmsilçisi Jianqnan Vanqı, daha sonra isə braziliyalı Luan Almeydanı məğlub edib. 1/4 finalda cənubi koreyalı Yun-Xvan Linə də qalib gələn cüdoçumuz yarımfinalda Gürcüstan təmsilçisi Tato Qriqalaşvili ilə qarşılaşıb və bu görüşdə məğlub olub.
Bürünc medal uğrunda qarşılaşmada isə Tçkayev Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşviliyə qarşı qızıl xal hesabına qalib gələrək Azərbaycan yığmasına bu dünya çempionatında ilk medalı qazandırıb.
Qeyd edək ki, Azərbaycan mundialda fərdi yarışlarda 10 çəki dərəcəsində ümumilikdə 13 cüdoçu (9 kişi, 4 qadın) ilə təmsil olunur. Onlardan 8-i artıq çıxışını medalsız başa vurub. Yığmamız həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.