Bakı. Trend:
Azərbaycanda “Ərəb dili ayı”nın təşkili uzunmüddətli əməkdaşlığın nəticəsidir.
Trend xəbər verir ki, bunu Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının Baş direktoru Abdullah bin Saleh əl-Vaşmi Bakı Dövlət Universitetində keçirilən “Ərəb dili ayı”nın açılış mərasimində çıxışı zamanı bildirib.
“Biz buraya xalqlarımız arasında mədəni əlaqələrin əhəmiyyətini vurğulamaq üçün toplaşmışıq. Ərəb poeziyasını və qədim ərəb ədəbiyyatını oxuyan hər kəs Azərbaycanla bağlı istinadlara rast gəlir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, akademiya azərbaycanlı tələbələrin və mütəxəssislərin ərəb dilinə olan marağını yüksək qiymətləndirir.
“Universitetlərin və təcrübəli müəllimlərin məsələyə ciddi yanaşdığını görürük və bu, əməkdaşlığımızı gücləndirir. Azərbaycanda “Ərəb dili ayı”nın təşkili uzunmüddətli əməkdaşlığın nəticəsidir. Akademiya burada ilk il deyil ki, fəaliyyət göstərir və biz daha dərin münasibətlərə və müxtəlif proqramlara doğru irəliləməyə çalışırıq”, – o əlavə edib.