...

Nazim İbrahimov: "Dünya Azərbaycanlılarının II qurultayında 50-yə yaxın ölkənin nazirləri, hökumət və parlament nümayəndələri iştirak edəcək"

Cəmiyyət Materials 24 Fevral 2006 13:24 (UTC +04:00)

Bu il martın 16-da Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının ikinci qurultayına 50-yə yaxın ölkənin rəsmi şəxsləri, nazirləri dəvət olunub. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib. O bildirib ki, qurultaya dəvətlilərin ümumi sayı 1000 nəfərə yaxındır.

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə bərabər, qurultaya Türkiyənin, Latviyanın, Litvanın, Estoniyanın, Ukraynanın, Rusiyanın və digər ölkələrin milli məsələlər, miqrasiya işləri üzrə nazirləri, hökumət və parlament nümayəndələri də gələcək. N.İbrahimov bildirib ki, Türkiyənin dövlət naziri Mehmed Aydın qurultayda iştirak etməyə razılıq verib. Rəsmi şəxslərin də daxil olduğu ən çox sayda qonaq Türkiyə və Rusiyadan gələcək. N.İbrahimovun sözlərinə görə, qurultayda təkcə Rusiya Federasiyasından 170 nəfərdən artıq nümayəndə heyəti iştirak edəcək.

Komitə sədri onu da qeyd edib ki, qurultaya hazırlıq işləri ilə bərabər, hazırda dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımının ildönümü ilə əlaqədar keçirilən tədbirlərə də diqqət ayrılır. N.İbrahimovun sözlərinə görə, Azərbaycan diaspor təşkilatları demək olar ki, dünyanın hər yerində anım mərasimləri, müxtəlif tipli tədbirlər keçirir. O, həmin tədbirlərin təşkili üçün Dövlət Komitəsinin öz köməkliyini göstərdiyini deyib.

Xəbər lenti

Xəbər lenti