...

BMT-nin xüsusi məruzəçisi Azərbaycanın dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb

Cəmiyyət Materials 27 Fevral 2006 18:22 (UTC +04:00)

BMT-nin insan haqları üzrə Komissarlağının din və etiqad azadlığı məsələləri üzrə xüsusi məruzəçisi Asma Cahangir Azərbaycanın dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyevlə görüşüb. DQDK-də Trend ə bildirilib ki, qonaq ölkədə dini tolerantlığın saxlanması sahəsində Azərbaycan rəhbərliyinin uğurlarını qeyd edib.

Onun sözlərinə görə, dünyəvi dövlət ilə dini qurumlar arasında qarşılıqlı anlaşmanın yaradılması üçün bir neçə onilliklər tələb olunur. O, bəyan edib ki, keçid dövründə bu sahədə bir sıra çətinlik və problemlərin yaranması mümkündür, amma dini etiqad azadlığının təmin olunması kimi məsələlərdə DQDK-nin fəaliyyətinin əhəmiyyəti daha da artır.

R.Əliyev BMT nümayəndəsinə ölkə rəhbərliyinin dini sahədə apardığı siyasətin əsas istiqamətlərindən danışıb. O, qeyd edib ki, Azərbaycanda müstəsna din yoxdur və dövlət tarixən təşəkkül tapmış dini dözümlülük atmosferinin saxlanması və bütün dinlər arasında dialoqun möhkəmləndirilməsi naminə konkret addımlar atır.

Görüşdə tərəflər informasiya mübadiləsi aparıb, ölkəyə dini ədəbiyyatların gətirilməsi və dini qurumların qeydiyyatı kimi məsələləri müzakirə edib.

Xatırladaq ki, xanım A.Cahangirin səfərinin məqsədi Azərbaycanda din və etiqad azadlığı ilə bağlı vəziyyətin qiymətləndirilməsi və BMT Baş Assambleyasının qəbul etdiyi bütün dini ayrı-seçkilik hallarının ləğvinə dair Bəyannamənin bəndlərinin həyata keçirilməsinin təhlilidir.BMT-nin xüsusi məruzəçisi öz tövsiyələrini verəcək.

Xəbər lenti

Xəbər lenti