...

Moskvada azərbaycanlı alimin iştirakı ilə Xəzər dənizinin vəziyyəti haqqında kitab dərc edilib

Cəmiyyət Materials 19 İyul 2006 15:12 (UTC +04:00)

Moskvanın "Nauka" nəşriyyatında tanınmış alimlərin "Xəzər dənizinin müasir vəziyyəti" adlı kitabı dərc olunub. Trend in xəbər verdiyi kimi, kitabın buraxılışının təşəbbüsçüsü azərbaycanlı alim, həmmüəllif, Azərbaycan AMEA-nın müxbir üzvü, MEA Coğrafiya institutunun elmi işlər üzrə direktor müavini Ramiz Məmmədov olub.

Kitabın rusiyalı həmmüəllifi - coğrafiya elmləri namizədi, REA Su problemləri institutunun quru sularının atmosferlə qarşılıqlı əlaqə laboratoriyasının müdiri Gennadi Panin və Qazaxıstanın "Tethys" elmi cəmiyyətinin vitse-prezidenti İqor Mitrofanovdur. Maraqlıdır ki, altı fəsildən üçü azərbaycanlı alim tərəfindən yazılıb.

Dünya şöhrətli alimlərin yeni monoqrafiyasında Xəzərdəki müasir dəyişikliklər, sahil zonalarının vəziyyətinin, dəniz çirklənmələrinin, o cümlədən bioloji, kimyəvi (pestisidlər və digər zəhərli kimyəvi preparatlar) çirklənmələrin təsviri, həmçinin onların mənbələri və mümkün nəticələri nəzərə alınmaqla, Xəzər hövzəsinin əsas ekoloji problemləri gözdən keçirilib. Kitabda dənizin müxtəlif yerlərində dəniz səviyyəsinin təhlili, Xəzər səviyyəsinin dəyişməsinin uzunmüddətli proqnozu ilə dəyişmənin yaranma səbəbləri göstərilib. Dəniz səthindən buxarlanmanın xüsusiyyətlərinin təhlili üzrə nadir materiallar və dənizin atmosferlə qarşılıqlı əlaqəsini səciyyələndirən bu buxarlanmaların çoxillik dəyişmələrinin nəticələri təqdim olunub. Monoqrafiyada yalnız Xəzər dənizi akvatoriyasının hidroloji və meteoroloji sahələri deyil, Xəzəryanı bölgənin sosial-iqtisadi vəziyyəti də təsvir edilib. Kitabda xaricilərin maraqları nəzərə alınıb və "Nəticə" ingilis dilində verilib. Bundan başqa, kitabın əlavəsində alimlərin Xəzər dənizinin bioloji müxtəlifliyi sahəsində hazırladığı çoxsaylı cədvəllər təqdim olunub.

Trend in xüsusi müxbiri ilə söhbət zamanı Ramiz Məmmədov Xəzər hövzəsinə marağın artdığını bildirib və onun fikrincə, Xəzəryanı bölgəni öyrənən alimlərin sahil zonalarının öyrənilməsi sahəsində təcrübəsi gələcəkdə dünya okeanının zonalarının öyrənilməsində istifadə edilə bilər.

Xəbər lenti

Xəbər lenti