Sentyabrın 15-də Azərbaycanın dahi bəstəkarı Vasif Adıgözəlov vəfat edib. Trend in ANS telekanalına istinadən xəbər verdiyi kimi, bəstəkar uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi.
Dahi bəstəkarla vida mərasimi sentyabrın 16-da Musiqi Akademiyasında keçiriləcək. O, Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, V.Adıgözəlov Üzeyir Hacıbəyov və Qara Qarayev məktəbinin davamçısı olub. Azərbaycanın musiqi incəsənətində onun xidmətləri böyükdür. O, 4 simfoniya, 6 musiqili komediya, şairə Natəvanın həyatına ithaf edilmiş opera və bir çox kinofilmlər üçün yazılmış kompozisiyaların müəllifidir. Xalq artisti V.Adıgözəlov Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi idi. O, eyni zamanda "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunmuş müstəqil Azərbaycanın yeganə bəstəkarı idi. Bu il Azərbaycan prezidenti İlham Əliyev şəxsən bəstəkara "İstiqlal" ordenini təqdim etmişdi.