Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıtın dünyanın 33 ən çirkli şəhəri siyahısına daxil edilməsindən narazıdır. Trend in xəbər verdiyi kimi, siyahı mərkəzi ofisi Nyu-York şəhərində yerləşən Blajksmith İnstitutu tərəfindən tərtib olunub.
İnstitutun tərtib etdiyi ən çirkli 33 şəhər siyahısına Rusiyanın 8, Hindistanın-6, ABŞ-ın 2, Rumıniyanın-2, Meksika, Çexiya, Ukrayna, Qırğızıstan, Filippin və s. ölkələrin hər birindən bir şəhər daxil edilib. Bu siyahıda həmçinin Sumqayıt şəhərinin də adı qeyd olunub.
Nazirliyin məlumatında deyilir ki, kimya, neft-kimya, metallurgiya sənaye sahələrinin Sumqayıt şəhərində cəmləşdirilməsi və sənaye müəssisələrinin təmizləyici qurğularının, qaz-toztutucu avadanlıqlarının filtrasiya sisteminin yarıtmaz vəziyyətdə olması 1970-80-ci illərdə bu şəhərin ekoloji durumunun pisləşməsinə, xüsusilə də onun atmosfer havasının həddindən artıq çirklənməsinə səbəb olub. Həmin illərdə Sumqayıt hətta "ölü şəhər" adlandırılırdı.
Lakin bu heç də o demək deyil ki, Sumqayıt şəhərinin ekoloji durumu indi də yarıtmaz vəziyyətdədir. 1990-cı illərin əvvəllərində SSRİ dağıldıqdan sonra Sumqayıt şəhərində mövcud olan bütün sənaye müəssisəlrinin fəaliyyəti, demək olar, tam dayandırıldığından, nəticədə atmosferə atılan zəhərli tullantıların miqdarı bir neçə dəfə azalmışdı.
1990-cı ildə Sumqayıt şəhərinin atmosfer havasına 96,4 min ton çirkləndirici maddə atıldığı halda, bu göstərici 1995-ci ildə 40,2 min tona, 2000-ci ildə isə 17,6 min tona qədər azalıb.
1980-ci illərdə dənizə yüksək çirklilik dərəcəsinə malik 600 min m3 axıntı suları axıdılırdısa, 2005-ci ildə bu göstərici 80,0 min m3 olub. Qeyd olunan dövr ərzində bərk tullantıların miqdarı ildə 300 min tondan 3900 tona qədər enib.
"Son vaxtlar Sumqvyıtın ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş tədbirlər və əldə olunmuş nailiyyətlər onun ən çirki şəhərlər siyahısına salınmasını qeyri-mümkün edir", - deyə məlumatda bildirilir.