...

DİN BCAİ-nin dəftərxana müdiri: Hacı Məmmədov işə gəlmədiyi üçün onun maaşını mən alırdım

Cəmiyyət Materials 9 Noyabr 2006 18:50 (UTC +04:00)

"Hacı Məmmədov işə gəlmədiyi üçün onun maaşını mən alırdım". Trend in məlumatına görə, bu sözləri noyabrın 9-da Hacı Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə günün ikinci yarısında davam etdirilən iclasda DİN Baş Cinayət Axtarış İdarəsinin dəftərxana müdiri Olqa Babilova məhkəmənin nəzərinə çatdırıb.

"Hacı Məmmədov mütəmadi şəkildə işə gəlmirdi, bir dəfə də onun maaşını o vaxtkı rəisimiz Kamil Sədrəddinov almışdı" - deyə şahid qeyd edib.

Məhkəmə iclasında AFFA-nın keçmiş vitse-prezidenti Fətulla Hüseynovun qətli epizodu üzrə hal şahidi qismində Cəmil Mirzəyev dindirilib. O bildirib ki, Fətulla Hüsenyovu qətlə yetirilmiş vəziyyətdə görən ilk şəxs o olub. C.Mirzəyev ilkin istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Sonra DİN BAŞ Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, hazırda Hacı Məmmədovla eyni müttəhimlər kürsüsündə əyləşmiş Zakir Nəsirovun müavini Akif Hacıyev dindirilib. O bildirib ki, 2004-cü ilə qədər Hacı Məmmədovun işə davamiyyəti normal olsa da, həmin ildən başlayaraq davamiyyət pozulub. "Mən bununla bağlı Kamil Sədrəddinova müraciət etdim və Hacının niyə işə gəlməməsi ilə maraqlandım. Kamil Sədrəddinov isə bildirdi ki, Hacı müalicə olunur, müalicəsi başa çatandan sonra isə təqaüdə çıxacaq".

Şahid həmçinin bildirib ki, cinayətlərlə bağlı Hacı Məmmədovla Zakir Nəsirov arasında aparılmış hər hansı söhbətdən xəbərsizdir.

DİN Narkotiklərə Qarşı Mübarizə İdarəsinin keçmiş şöbə rəisi Azər İsmayılovun qətli epizodu ilə bağlı şahid Rauf Babayev dindirilərkən isə hakim məhkəmə iclasını qapalı elan edib.

Məhkəmə iclası noyabrın 10-da davam edəcək.

Xəbər lenti

Xəbər lenti