...

Teleradio Şurasının sədri: "Azərbaycanda Rusiya və Türkiyə telekanallarının yayımı gələn il yanvarın 3-də dayandırıla bilər"

Cəmiyyət Materials 26 Dekabr 2006 17:40 (UTC +04:00)

Gələn ildən Azərbaycana yayımı dayandırılacaq Rusiyanın və Türkiyənin telekanallarının məsələsinə bir yerdə baxılacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhəmmərli açıqlama verib.

O bildirib ki, ölkə ərazisində yayımlanan Rusiyanın iki, Türkiyənin iki kanalının yayımı gələn il yanıvarın 3-də dayandırıla bilər. Həmçinin bu qərar ya üç ay, ya da 6 ay sonraya aid edilə bilər: "Biz variantlar üzərində müzakirələr aparırıq. Rusiya ilə Azərbaycan hökumətləri arasında anlaşma var və bu müqavilədə göstərilib ki, qanuni yayım üçün 6 ay müddətində müvafiq orqana müraciət olunmalıdır. Teleradio Şurası hökumətə tabe olmayan müstəqil qurumdur, ancaq bizə bir dəfə də olsun bu kanallar müraciət etməyiblər. Əksinə, biz Rusiya tərəfinə müraciət etmişik ki, gəlin bu məsələni aydınlaşdıraq"-deyə N.Məhərrəmli qeyd edib.

O xatırladıb ki, Teleradio Şurasının Rabitə Nazirliyi ilə mübahisələri də olub. Çünki Rusiyanın I kanalı Teleradio Şurasına heç bir xəbər vermədən nazirliklə müqavilə bağlayıb yayım aparır: "Bu vəziyyət digər kanallara da aiddir. Xarici telekanallar başa düşmürdülər ki, Teleradio Şurası televiziyaların yayımına hüquqi icazə - lisenziya verən orqandır. Lisenziya sənədi olmayan heç bir qurum isə Rabitə Nazirliyi ilə müqavilə bağlayıb yayım apara bilməz".

N.Məhərrəmli bildirib ki, istisna olaraq yalnız Türkiyənin TRT kanalının yayımı davam etdiriləcək. Digər kanallar isə kabel və peyk vasitəsilə yayımlanmalıdır. Şura sədrinin sözlərinə görə, xarici radiolar isə gələn ilin sonunadək yayımlarını davam etdirəcəklər, ondan sonra onların da lisenziya məsələsinə baxılacaq.

Xəbər lenti

Xəbər lenti