Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Azərbaycanın müxtəlif media qurumlarından olan 20-dən çox jurnalist bu gün ATƏT-in Bakı ofisində məhkəmə və cinayətlər üzrə hesabat yazılması sahəsində təşkil olunan seminarda iştirak edib. ATƏT-in Bakı ofisindən verilən məlumata görə, seminar iştirakçıları həm insan hüquqları, həm də məhkəmə baxışı və kriminal işlərdən danışan hər bir jurnalistin xatırlamalı olduğu əsas prinsilərdən biri olan təqsirsizlik prezumpsiyasını müzakirə ediblər. Jurnalistlər təqsirsizlik prezumpsiyasının tarixi mənbələrinə, bu prinsipin başqa ölkələrdə necə tətbiq olunmasına, bu mövzuda məsləhətlər və prinsipin pozulması üsullarına nəzər salıblar.
"Mətbuazt hamıya böyük təsir göstərir və jurnalist həmişə məsuliyyətlə hərəkət etməlidir. Etiraf etməliyik ki, obyektiv məlumat verilməsi və təqsirsizlik prezumpsiyası demokratik cəmiyyətdə ədalətli mühakimə üçün əsas elementdir", - deyə ATƏT-in Qanunun Aliliyi Departamentinin rəhbəri Andreas Buş bildirib.
2006-cı il üçün ATƏT-in Bakı ofisinin Azərbaycan üzrə təqsirsizlik prezumpsiyasına sadiqlik barədə hazırladığı hesabatda qeyd olunur ki, jurnalistlər, polis, ittihamçılar və məhkəmə cinayətkar hərəkətlərin sübutu və şübhələnməyi eyni götürürlər.
ATƏT-in Bakı ofisi mətbuatı, ölkənin hüquq qurumlarını və onların bu məsələ ilə bağlı ictimaiyyətlə dialoqunu dəstəkləməkdə davam edir. Həmçinin ATƏT Azərbaycanda güclü məhkəmə sisteminin inkişafına yardım edir.