...

Ağstafa çayında suyun səviyyəsi 40% artıb

Cəmiyyət Materials 16 May 2007 12:33 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Azərbaycanın Qərb bölgəsinə aramsız yağan yağışlar Ağstafa çayında suyun səviyyəsinin təxminən 40% artmasına və çayın daşmasına səbəb olub. Nəticədə çay üzərindəki avtomobil yolu körpüsü tamamilə uçaraq yararsız hala düşüb. Bu barədə çərşənbə günü Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Tatarov məlumat verib. Onun sözlərinə görə, rayonun Poylu qəsəbəsini digər yeddi kəndlə birləşdirən körpünün beton sütunlarından biri yerindən sürüşüb və körpünün bir hissəsi uçub. Bu səbəbdən sakinlər körpünün qarşı tərəfində olan kəndlərə getmək üçün qonşu Qazax rayonu ərazisindən keçməklə iki dəfə çox yol qət etməli olurlar. Ağstafa çayının suları həmçinin yaxın ərazidə yerləşən dörd sakinin evinin pay torpaqlarının xeyli hissəsini yuyub.

Hazırda həmin ərazidə komissiya tərəfindən araşdırma, eləcədə bərpa işləri çərçivəsində çayın sahilində bərkitmə tədbirləri görülür və dəyən ziyanın aradan qaldırılmasına səy göstərilir.

Tatarovun sözlərinə görə, Kür çayında suyun səviyyəsinin artması nəticəsində isə rayonun Pirli kəndinin 300 hektara yaxın, Qıraqkəsəmən kəndinin isə 20 hektardan çox təsərrüfatı su altında qalıb.

Ağstafa rayonu paytaxt Bakıdan 460 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti