...

Avropa Məhkəməsi məcburi köçkünlərin bir qrupunun şikayəti ilə bağlı Ermənistan dövləti ilə yazışmalara başlayıb

Cəmiyyət Materials 26 May 2007 10:57 (UTC +04:00)
Avropa Məhkəməsi məcburi köçkünlərin bir qrupunun şikayəti ilə bağlı Ermənistan dövləti ilə yazışmalara başlayıb

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələri tərəfindən işgql olunmuş Azərbaycan ərazilərindən məcburi köçkün düşmüş vətəndaşlardan bir qrupunun şikayəti İnsan Haqları Üzrə Avropa Məhkəməsi tərəfindən icraata götürülüb. Bu haqda şənbə günü Trend ə müsahibəsində Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

Əsgərov bildirib ki, Laçın rayonundan məcburi köçkün düşmüş Çıraqov və digər 5 nəfər Ermənistana qarşı şikayət verib və hazırda bu iş Avropa Məhkəməsi tərəfindən araşdırılır: "Ermənistan bu işlə bağlı öz qeydlərini, mövqeyini Avropa Məhkəməsinə bildirib. Azərbaycan hökuməti bu işdə maraqlı, üçüncü tərəf kimi iştirak etmək arzusunu bildirib. Bu işlə bağlı materiallar bizə göndərilib. Həmin materialları öyrənirik və müvafiq qaydada öz rəyimizi bildirəcəyik".

Səlahiyyətli nümayəndə qeyd edib ki, Ermənistana qarşı işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş vətəndaşlar tərəfindən ötən il və bu il 600 şikayət göndərilib: "Avropa Məhkəməsi Çıraqov və digərlərinin işinə baxandan sonra bu işlə bağlı qərar pilot qərar kimi rəhbər tutulacaq və digər şikayətlərə də eyni qaydada baxılacaq. Avropa Məhkəməsi belə bir taktikaya üstünlük verib".

Əsgərovun sözlərinə görə, Azərbaycan vətəndaşları tərəfindən digər dövlətlərə verilmiş şikayətlərə dair çoxsaylı məlumatlar var və hər bir iş üzrə Azərbaycan hökuməti öz mövqeyini bildirəcək: "Çünki burada Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasından söhbət gedir. Ona görə də Azərbaycan hökuməti müvafiq qaydada prossesə daxil olmaq barədə qərar qəbul edib və bu barədə Avropa Məhkəməsinə məlumat verib. Hesab edirəm ki, bu hüquq pozuntuları Avropa Məhkəməsində sübut olunacaq və Ermənistan cavabdeh dövlət kimi məsuliyyətə cəlb olunacaq".

Əsgərov Ermənistandan qaçqın düşmüş azərbaycanlılar tərəfindən Avropa Məhkəməsinə şikayətlər verilməsi barədə hələlik heç bir məlumat olmadığını deyib. Səlahiyyətli nümayəndə hesab edir ki, Ermənistandan qaçqın düşmüş şəxslərin də çoxsaylı hüquqları pozulub və onlar Avropa Məhkəməsinə müraciət etməlidirlər: "Məcburi köçkünlərlə qaçqınların şikayətləri müxtəlif xarakter daşıdığından onlara fərqli qaydada baxılacaq".

Xəbər lenti

Xəbər lenti