Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhərində bir yaşadək körpələrin bağırsaq pozğunluğu infeksiyasına yoluxması son iki ayda iki dəfə artıb. Bu barədə cümə günü Gəncə şəhər İnfeksion Xəstəxananın baş həkimi və şəhərin baş uşaq infeksionisti Şirin Əhmədova məlumat verib. Onun sözlərinə görə, xəstəliyin artmasına səbəb onların ana südü ilə deyil, suni yeməklərlə qidalandırılmasıdır. Təkcə bu ilin 6 ayı ərzində Gəncə şəhər İnfeksion Xəstəxananın uşaq şöbəsinə 290 körpə gətirilib. Onların 176-sı Gəncədən, 152-si isə ətraf rayonlardan müraciət edib. Əhmədova xəstəliyin artmasının həmçinin anaların gigiyenik qaydalara tam əməl etməməsi ilə də əlaqəli olduğunu vurğulayıb.
"Uşağın qidalandığı yeməyin qabları və əmzikləri mütləq isti su ilə dezinfeksiya edilməlidir. Hazırda isə əksər analar belə incəliklərə məhəl qoymur. Bununla yanaşı, uşaqlar üçün satışda olan peçenyeləri alarkən istifadə müddətinə baxmalı və saxlanılma şəraitinə diqqət yetirmək lazımdır" - deyə baş həkim əlavə edib.
Baş infeksionist qeyd edib ki, sentyabr-avqust aylarında belə infeksiyalara yoluxan uşaqların sayının üç dəfə artacağı ehtimal edilir.
Gəncə paytaxt Bakıdan 360 kilometr qərbdə yerləşir