Azərbaycan, Bakı, 31 iyul /müx.TrendLife Vüqar İmanov/Hazırda yeni tendensiya dəbə minib: müğənnilər teleaparıcı, teleaparıcılar isə müğənni olurlar. Belə bir şey Rəşad İlyasovdan da yan keçmədi. AzTV-dəki "Səhər" proqramının aparıcısı Rəşad hesab edir ki, "İstedadlı insan hər tərəfli istedadlı olmaldır."
Müğənni TrendLife-a deyib: "Mən hesab edirəm ki, hər kəs öz işi ilə məşğul olmalıdır. Əgər insanda istedad, ağıl, təhsil və aura varsa, nəyə görə özünü başqa istiqamətdə yoxlamasın. Mən 1995-97 illərdə AzTV-də "Maqazin", "Telestar", "Sport-daycest" və digər verilişlərin aparıcısı işləmişəm. Əlbəttə, o vaxt şou-biznes indiki kimi inkişaf etməmişdi. Məhz buna görə də tamaşaçıların yadından çıxa bilər. Onu da qeyd etmək istərdim ki, mənim anam 40 illik təcrübəsi olan radio və televiziya jurnalistidir. Aparıcılığa can atmaq isə mənim qanımdadır".
Rəşad İlyasov həmçinin bildirdi ki, müasir estrada mahnılarına neqativ yanaşır. "Qoy bəstəkarlar məndən inciməsinlər. 1990-2000-ci illərdən bu yana yaxşı mahnılar yazılmır. Şou-biznesdə yaxşı mahnılar çatışmır. Bu da professional müğənnilərin yaradıcılığına mənfi təsir göstərir".
Yay fəslində dincəlməyə gəlincə isə, müğənni xaricdə istirahət etməyi Bakıda istirahət etməkdən üstün tutur. Buna baxmayaraq ,doğma yurdu olan Xızıdan kənara çıxmayacağını söylədi. "Mən Xızıda dincəlməyimi heç yerə dəyişmərəm. Hətta televizorsuz, mobil telefonsuz da orda həmişəlik qala bilərəm. Özünüz yaxşı başa düşürsünüz, işləmək lazımdır"...