...

Ramil Səfərovun apellyasiya şikayətinə sentyabrda baxılacaq

Cəmiyyət Materials 10 Avqust 2007 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Budapeşt şəhər məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun barəsindəki ikinci hökmdən verilən apellyasiya şikayətinə sentyabrda baxılacaq. Səfərovun ailəsinin və Müdafiə Nazirliyinin məhkəmədəki sabiq nümayəndəsi İkram Şirinov cümə günü Trend ə bildirib ki, Macarıstan Məhkəməsi hazırda tətildədir. Tətildən qayıdandan sonra apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlanacaq. Saxlandığı İstintaq Təcridxanasının nəzarətçilərinə tabe olmamaqda ittiham olunan Səfərova ötən il noyabrın 17-də Budapeştin rayon məhkəməsinin hökmü ilə 8 ay şərti iş verilib.

Şirinov Səfərov barəsində Ermənistan Silahlı Qüvvələrinin zabitinin qətli ilə bağlı çıxarılmış hökmdən hələlik kassasiya şikayətinin məhkəməyə təqdim edilmədiyini deyib. Şirinovun sözlərinə görə, hökmdən kassasiya şikayətinin verilib-verilməməsi barədə yekun qərara gəlinməyib. Şirinov bu istiqamətdə müzakirələrin davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, Macarıstan qanunvericiliyində kassasiya şikayətinin verilməsi üçün müddət müəyyən edilməyib.

Səfərov Ermənistan Silahlı Qüvvələrinin zabitini qətlə yetirdiyi üçün Budapeşt şəhər məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Səfərovun hökmdən verilən apellyasiya şikayəti də təmin olunmayıb.

Şirinov həmçinin qeyd edib ki, o, hakim kimi fəaliyyətə başladığından Səfərovun ailəsinin və Müdafiə Nazirliyinin məhkəmədəki nümayəndəsi qismində bu prosesdə iştirak etməyəcək. Hazırda Nəsimi rayon məhkəməsinin hakimi kimi çalışan Şirinov deyib ki, Səfərovun ailəsinin hüquqlarını başqa vəkil müdafiə edəcək. Hələlik başqa vəkillə müqavilə bağlanmayıb, danışıqlar aparılır.

Səfərovun hüquqlarını isə Budapeşt məhkəməsində vəkillər Corc Macar və Klara Fişer müdafiə edir.

Xəbər lenti

Xəbər lenti