...

Azərbaycanın QHT rəhbəri: "İctimai Komitə yarandığı gündən şikəst doğuldu"

Cəmiyyət Materials 22 Avqust 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ "İctimai Komitə yarandığı gündən şikəst doğuldu". Bu sözləri çərşənbə günü Trend ə ədliyyə naziri yanında məhkumların islah edilməsində ictimaiyyətin iştirakını təmin edəcək və cəzaların icrasına nəzarət edən müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin birillik fəaliyyəti ilə bağlı komitə üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.

İctimai Komitənin fəaliyyəti ədliyyə naziri tərəfindən təsdiq olunmuş xüsusi qaydalarla tənzimlənir. Bu qurum cəzaçəkmə müəssisələrinin fəaliyyətində şəffaflığın təmin olunması məqsədilə yaradılıb və ictimai nəzarəti həyata keçirir. Komitəyə daxil olan qeyri-hökumət təşkilatlarının məhkumların islahı və reablitasiyası prosesində yaxından iştirakı da nəzərdə tutulub.

Ötən il sentyabrın 22-də fəaliyyətə başlayan Komitənin birillik fəalyyətini qeyri-qənaətbəxş hesab edən Qənizadə bunun səbəbini Komitənin koordinatoru Kamil Səlimovun yarıtmaz fəaliyyəti ilə əlaqələndirib: "Komitənin fəaliyyətinin səmərəli təşkili üçün Ədliyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılsa da, koordinator onun normal fəaliyyətinə mane olub".

Məhkumların islahı sahəsində Komitənin heç bir iş görmədiyini vurğulayan Qənizadənin sözlərinə görə, Komitəyə üzv olan QHT rəhbərlərinin fərdi şəkildə gördüyü işləri Səlimov öz adına çıxmaq istəyir.

Qənizadənin fikirləri ilə razılaşmayan Komitənin koordinatoru Səlimov hesab edir ki, birillik fəaliyyəti dövründə bu qurum kifayət qədər iş görüb: "Komitənin üzvləri fərdi və ya qrup halında ayrı-ayrı müəssisələrdə monitorinqlər keçirib, məhkumların saxlanma şəraitini öyrənib. Aşkarlanan problemlərlə bağlı bir il ərzində görülmüş işlərlə bağlı ədliyyə nazirinə hesabat hazırlanır. Monitorinqlər zamanı aşkarlanan problemlərlə bağlı təkliflər də nazirə təqdim olunacaq".

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov Komitənin fəaliyyətini qənaətbəxş hesab etsə də, onun təkmilləşməyə ehtiyacı olduğunu deyib. Komitənin fəaliyyətinin səmərəliliyinin onun üzvlərindən asılı olduğunu deyən idarə rəisi bu qurumun novbəti dəfə təşkili zamanı əvvəlki üzvlərin fəaliyyətinin qiymətləndiriləcəyini bildirib: "Komitəyə yeni üzvlərin qəbulu ilə bağlı Seçki Komitəsinə müraciətlər daxil olub. Seçim zamanı bu sahədə təcrübəsi, peşəkarlığı olanlara üstünlük veriləcək".

İctimai Komitə 11 nəfərədək üzvdən təşkil olunur. Ötən il yaradılan İctimai Komitə 8 QHT nümayəndələrindən formalaşıb.

Xəbər lenti

Xəbər lenti