...

Allahşükür Paşazadə: "Ramazan ayında Azərbaycandakı sünni və şiələr eyni cədvəl əsasında oruc tutacaqlar"

Cəmiyyət Materials 28 Avqust 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazan ayında oruc tutan müsəlmanlar üçün namaz vaxtları, səhər yeməyi və iftarın vaxtı göstərilən cədvəl hazırlayıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çərşənbə axşamı jurnalistlərə bildirib ki, islamın iki qolu arasında mövcud olan fikir ayrılığı aradan qaldırılacaq.

Azərbaycanda islamın sünni və şiə məzhəblərinin nümayəndələri bir çox illərdir ki, İran, İraq, Səudiyyə Ərəbistanından olan müsəlman qardaşlarından nümunə götürərək Ramazan dini ayinlərini müxtəlif vaxtlarda həyata keçiriblər.

"QMİ-nin yeni fətvası bu problemi həll edəcək" - deyə idarə sədri bildirib. Şeyxülislamın sözlərinə görə, bu il Ramazan ayı sentyabrın 13-dən başlayır, Ramazan bayramı isə oktyabr ayının 12 və 13-nə düşəcək. QMİ Ramazan duaları kitabı hazırlayaraq nəşr edib və bu dindarlar arasında pulsuz yayılacaq.

Ramazan müsəlmanlar üçün sınaq ayıdır. Bu ayda sutkanın işıqlı vaxtında müsəlmanlara yemək, içmək, siqaret çəkmək, iyləmək, qadınlarla yaxınlıq etmək qadağan olunur. Qaranlığın düşməsi ilə, "ağ sapı qırmızıdan ayırd etmək mümkün olmadıqda" məhdudiyyətlər götürülür. Oruc islamın beş əsas şərtindən biridir ki, bu da bütün müsəlmanlar üçün vacib buyrulub. Yalnız ağır xəstələr, yaşlı insanlar, hamilə qadınlar, səfərdə olan yolçular və müharibə meydanında olanlar oruc tutmaqdan azaddırlar. Lakin onlar sonda Ramazan ayının şərtlərinə əməl etməlidirlər.

Müqəddəs Ramazan ayı - daxili təmizlənmə ayıdır. Əgər insan vaxtını ibadətlə və xeyirxah əməllər görməklə keçirərsə, Allah-Təalanın onun günahlarını bağışlaması mümkündür. Xüsusilə 27-ci gün - "Qədr gecəsi" daha mühim hesab olunur.

Ramazan ayı müddətində əyləncəli tədbirlər, gecələr təxirə salınır, restoran və barlardan spirtli içkilər yığışdırılır, gecə klubları və diskotekalar bağlanır.

Xəbər lenti

Xəbər lenti