...

Malayziyada beynəlxalq turda 6 Azərbaycan velosipedçisi iştirak edəcək

İdman Materials 24 Fevral 2014 19:21 (UTC +04:00)
Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku”nun üzvləri Elçin Əsədov və Tural İsgəndərov fevralın 27-də Malaziyada start götürəcək Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.HC kateqoriyalı “Langkawi” turunda iştirak edəcəklər.
Malayziyada beynəlxalq turda 6 Azərbaycan velosipedçisi iştirak edəcək

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku"nun üzvləri Elçin Əsədov və Tural İsgəndərov fevralın 27-də Malaziyada start götürəcək Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.HC kateqoriyalı "Langkawi" turunda iştirak edəcəklər.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 10 mərhələdən ibarət yarışda yüksək yerlərə iddia edən velosipedçilərimiz bundan öncə Avstraliyada mübarizə apardıqları "Herald Sun Tour" yürüşü ilə bağlı fikirlərini bölüşüblər.

Azərbaycanın elit yığma komandasının da şərəfini qoruyan 27 yaşlı E.Əsədov soyuqdəymə səbəbindən Avstraliya turunun ilk mərhələsində istədiyi kimi çıxış edə bilmədiyini deyir: "Tibbi personalımızın köməyi sayəsində tez sağaldım və mümkün qədər komandaya kömək etməyə çalışdım. Mənim üçün əsas olan məşqçilərin tapşırığını həyata keçirmək idi ki, bu işin öhdəsindən gəlməyə cəhd göstərdim. "Langkawi" turuna gəlincə, bu, Asiyada ən çətin yarışlardan biridir. 10 gün ərzində mənə nə tapşırılacaqsa, onu da etmək üçün mübarizə aparacağam".

E.2014-cü ildə qarşısına qoyduğu hədəflər haqqında da danışıb: "Mayda ölkəmizdə keçiriləcək "Tour d"Azerbaidjan" veloyürüşünün bir mərhələsinin qalibi olmağı çox istəyirəm. Bundan başqa, bu ilin sentyabrında İspaniyada keçiriləcək dünya çempionatında da uğurla çıxış etməyi arzulayıram".

Azərbaycanın U-23 milli komandasının üzvü, 22 yaşlı T.İsgəndərov isə Avstraliya turundakı çıxışına bir qədər tənqidi yanaşır: "Düzdür, iqlim dəyişikliyi və havanın isti olması mənə müəyyən problemlər yaratdı, amma bu qətiyyən bəhanə olmamalıdır. Əgər dağ mərhələsində mövqeyimi düzgün seçsəydim, yəqin daha yaxşı nəticə qazana bilərdim. O ki qaldı "Langkawi" turuna, oradakı məqsədim məşqçilərin tapşırığına əsasən dəyişə bilər".

Əsas hədəfinin komandaya fayda vermək olduğunu deyən Tural həm "Synergy Baku"nun, həm də milli komandanın heyətində iştirak etdiyi yarışlarda qələbə üçün əlindən gələni edəcəyini bildirib.

Yeri gəlmişkən, fevralın 27-də start götürəcək 10 mərhələli "Langkawi" turunda iştirakçılar 1495 km məsafə qət edəcəklər. E.Əsədov və T.İsgəndərovdan başqa, "Synergy Baku"nun heyətində bu yarışda Daniel Klemme, Maykl Şvayzer, Patrik Leyn və Metyu Bremmier də mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti