Azərbaycan, Bakı, 10 may / Trend/
Şirvan Olimpiya Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar üzgüçülük idman növü üzrə beynəlxalq turnir start götürüb.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnirə Azərbaycan, Rusiya və Gürcüstandan 70-ə yaxın idmançı qatılıb. Turnir çərçivəsində idmançılar üzgüçülüyün bütün növlərində müxtəlif məsafələrdə güclərini sınayacaqlar.
1998-ci il təvəllüdlü və daha kiçik yaş həddlərində mübarizə aparacaq üzgüçülər arasında Azərbaycan komandası 4 qız və 3 oğlan, Gürcüstan komandası 2 qız, 2 oğlan, Rusiya komandası isə 2 oğlan, 1 qız komandası ilə təmsil olunur. Hər komanda 4 nəfərdən ibarətdir.
Artıq iki gündür ölkəmizdə olan qonaq komandalar məşqlərini Şirvan Olimpiya Kompleksinin üzgüçülük hovuzunda keçiblər. Azərbaycan Milli yığması isə 10 gündür ki, Şirvanda təlim məşq toplaşındadırlar.
Bu gün səhər saatlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar üzgüçülük idman növü üzrə beynəlxalq turnirin açılış mərasimi olub.
Şirvan ictimaiyyətinin də qatıldığı tədbirdə icra hakimiyyətinin başçısı Mərdan Camalov, Azərbaycan Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti, Millət vəkili Xanlar Fətiyev iştirak edib.
Mərdan Camalov çıxışında yeni inşa olunmuş Olimpiya Kompleksində belə mötəbər yarışın ilk olduğunu ön plana çəkdi və bunun üçün Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyevə minnətdarlığıni bildirdi. M.Camalov qeyd etdi ki, Azərbaycanda idmanın bu səviyyədə inkişafı da digər sahələr kimi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra çıxış edən Azərbaycan Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov son illər ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışdı. Nazir müavini vurğuladı ki, ötən il Azərbaycan 57 beynəlxalq turnir və mötəbər yarışlara ev sahibliyi edib. Artıq bütün dünyada ölkəmizi inkişaf etmiş bir dövlət kimi tanınmasında cənab prezident İlham Əliyevin müstəsna əməyi olduğunu vurğulayan İ. İsmayılov Azərbaycanın bundan sonra böyük miqyaslı yarışların və turnirlərini keçiriləcəyini bildirdi.
Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti, millət vəkili Xanlar Fətiyev son illər Azərbaycanda idmanın böyük sürətlə inkişaf etdiyini və görülən işlərdə dövlət başçısı İlham Əliyevin tükənməz əməyinin olduğunu qeyd edib: "Mən Şirvana gələndə yaxşı mənada çox təəccübləndim. Şəhər çox gözəlləşib və inkişaf edib. Olimpiya Kompleksi də çox yaxşı təchiz olunub və beynəlxalq standartlara cavab verir. Azərbaycanda belə komplekslərin tikilməsi və lazımi avadanlıqlarla təmin olunması ölkə rəhbərinin gənclərə, onların sağlam gələcəyinə töhfəsidir ".
Yarışlar üzgüçülüyün bütün növləri üzrə bütün məsafələrdə keçiriləcək və 3 gün davam edəcək. Sonda qaliblər medallar, diplomlar və xatirə hədiyyələri ilə təltif olunacaqlar.