...

Azərbaycanın sərbəst güləşçiləri "Qızıl Qran Pri" turnirinin final mərhələsinə hazırlaşırlar

İdman Materials 7 İyul 2014 15:15 (UTC +04:00)
25-27 iyul 2014-cü il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək.
Azərbaycanın sərbəst güləşçiləri "Qızıl Qran Pri" turnirinin final mərhələsinə hazırlaşırlar

Azərbaycan, Bakı, 7 iyul /Trend/

25-27 iyul 2014-cü il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Trend Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yarışda iştirak edəcək güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir.

Sərbəst güləş üzrə böyüklərdən və gənclərdən ibarət yığma komandalarımız iyulun 6-dan etibarən Xaçmaz Olimpiya İdman Kompleksində birgə təlim-məşq toplanışına başlayıb.

Böyüklərdən ibarət komandaya baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında 18 güləşçi cəlb olunub.

Böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edən gənclərdən ibarət yığmanın heyətinə isə 15 güləşçi qatılıb.

Bundan başqa, Bolqarıstan yığmasının üzvləri Leonid Bazan (74 kq) və dünya çempionu Mixail Qanev (97 kq), Belarus yığmasının üzvləri Olimpiya mükafatçısı Murad Qaydarov (86 kq) və dünya çempionu Aleksey Şemarov (125 kq), həmçinin Rumıniya güləşçisi Stefan Georgita (86 kq) da Xaçmazda yığma komandamızla birgə təlim-məşq toplanışında iştirak edir.

Təlim-məşq toplanışı iyulun 20-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti