...

Berti Foqts: "Qarabağ"ın Avropanın ən nüfuzlu turnirində çıxış etməsi Azərbaycan üçün siyasi baxımdan da çox vacibdir

İdman Materials 31 İyul 2014 16:34
Trend Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun "Qarabağ" - "Zaltsburq" oyunu ilə bağlı Affa.az saytına müsahibəsini təqdim edir
Berti Foqts: "Qarabağ"ın Avropanın ən nüfuzlu turnirində çıxış etməsi Azərbaycan üçün siyasi baxımdan da çox vacibdir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Trend Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun "Qarabağ" - "Zaltsburq" oyunu ilə bağlı Affa.az saytına müsahibəsini təqdim edir

- Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ" - "Zaltsburq" oyununu izlədiniz. Oyun və nəticə barədə fikirləriniz necədir?

- Bir neçə məqamla bağlı xoş təəssüratlarımı bölüşmək istəyirəm. İlk növbədə, rəqibin kifayət qədər güclü olmasına baxmayaraq, komandanı oyuna düzgün hazırladığı, futbolçulara yüksək səviyyədə mübarizə əzmi aşıladığı üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqqında ən xoş sözlər deyə bilərəm. Xüsusi qeyd etmək istədiyim ikinci amil azarkeşlərlə bağlıdır. Dünən stadionda həqiqətən fantastik atmosfer var idi və buna görə də hər bir azarkeşə təşəkkür etmək lazımdır. Ağdam şəhərini təmsil edən "Qarabağ" klubunun Avropanın ən nüfuzlu turnirlərindən birində çıxış etməsi Azərbaycan üçün siyasi baxımdan da çox vacibdir və həm də buna görə çox istəyərdim ki, "Qarabağ" Çempionlar Liqasının və ya Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansın.

"Qarabağ" - "Zaltsburq" oyunu zamanı stadionda əsl Çempionlar Liqası atmosferi var idi və Ağdam təmsilçisi 2:1 hesablı qələbə ilə Çempionlar Liqasının qrup mərhələsi istiqamətində, kiçik də olsa, addım ata bildi. Ümid edirəm ki, "Qarabağ" bu mübarizənin ikinci 90 dəqiqəsini də ilk oyunda olduğu kimi yüksək səviyyədə keçirə biləcək. Birinci hissədə "Qarabağ" ikinci qolu vura bilərdi, daha doğrusu, vurmalı idi. Fasilədən sonra isə komandada artıq yorğunluq hiss olunamağa başladı ki, bu da təbiidir. Çünki hesabda irəlidə olan komanda belə oyunlarda qol buraxmamağa çalışır və belədə çox güc itkisinə yol verilməsi normal haldır. Düşünürəm ki, "Qarabağ"ın 1:0 hesablı qələbəsi 2:1 hesablı qələbədən daha əlverişli olardı. Çünki səfərdə vurulmuş 1 qol Avstriya təmsilçisi üçün əlavə üstünlük deməkdir. "Qarabağ" Bakıdakı oyunun ilk hissəsindəki mübarizə əzmini səfər qarşılaşmasının 70 dəqiqəsi ərzində ortaya qoymağı bacarsa, mərhələni adlaya bilər. Komanda yalnız nəticəni qorumaq barədə düşünsə, yalnız müdafiədə oynasa, işi çətin olacaq. Bir daha həm futbolçulara, həm də baş məşqçiyə oyuna və nəticəyə görə təşəkkür edirəm.

- "Qarabağ"ın start heyətində meydana 3 yerli futbolçu çıxmışdı. Məsələyə milli komandanın prizmasından yanaşsaq, heyətdə legionerlərin çoxluğu barədə nə deyə bilərsiniz?

- Komandanı formalaşdırmaq üçün mənə ən azı 11 futbolçu lazımdır. Qeyd etdiyiniz kimi, start heyətində Azərbaycan millisinə dəvət edə biləcəyimiz 3 futbolçu meydana çıxmışdı ki, onların hər üçü milli komandaya çağırılır. Qara Qarayevin oyunu haqqında xoş sözlər deyə bilərəm. Bədavi Hüseynov son bir neçə ay ərzində oyununu xeyli inkişaf etdirib. Maksim Medvedev zədəsini bir müddət öncə sağaltmasına və formasını tam bərpa edə bilməməsinə baxmayaraq, "Zaltsburq"a qarşı tərifəlayiq səviyyədə oynadı. Amma ümumilikdə "Qarabağ"ın heyətində xüsusi fərqləndirmək istədiyim futbolçu Reynaldodur. Onun da bir "qəbahət"i var ki, Azərbaycan pasportu yoxdur (gülür). Təbii ki, heyəti müəyyənləşdirmək klubun işidir və avrokubok oyunlarında daxili çempionatın limiti tətbiq olunmur. Əgər klubun məşqçisinin sərəncamında yerli futbolçulardan daha hazırlıqlı legionerlər varsa və məşqçi həmin legionerlərin xidmətindən yararlanırsa, burada qeyri-adi heç nə yoxdur.

- "Qarabağ"ın "Zaltsburq"a qarşı meydana çıxan oyunçularının hər birini dəvət etmək imkanınız olsaydı, neçə futbolçunu Azərbaycan millisinə çağırardınız?

- Reynaldo və Almeyda, şübhəsiz, əsas heyətin üzvü olardı. Əgər onlar sərəncamımda olsaydı, tam məsuliyyəti ilə artıq bu gün deyərdim ki, Azərbaycan milli komandası Avro-2016-nın seçmə mərhələsində üçüncü yeri tutacaq. Amma yenə qeyd edirəm ki, onların pasport məsələsində "yanlışlıq" var (gülür).

- Admir Teli və Reynaldonun qırmızı vərəqə ilə cəzalandırılması futbolçuların intizamsızlığından, yoxsa yüksək təzyiqə davam gətirə bilməmələrindən qaynaqladı? Yaxud başqa səbəb vardı?

- Oyunda sərt mübarizə vardı, amma kobudluq yox. Hakimə sual vermək imkanım olsaydı, soruşardım ki, o, son dünya çempionatının oyunlarına baxıbmı?! "Zaltsburq"un futbolçusuna qırmızı kart göstərdikdən sonra sanki hakimdə özünü sığortalama instinkti baş qaldırdı. Həmin dəqiqələrdə oyunu mənimlə birgə izləyən həmkarlarıma dedim ki, bu gedişlə fasiləyə qədər "Qarabağ"ın da hansısa futbolçusuna qırmızı kart göstəriləcək. Təəssüf ki, belə də oldu. Kobudluğun o qədər də çox müşahidə olunmadığı bir oyunda səkkiz sarı, üç qırmızı vərəqə göstərilməsi yaxşı hal deyildi. Dünən xoş bir futbol axşamı idi, heyf ki, belə xoşagəlməz məqamlar da oldu.

- "Qarabağ"ın qol buraxdığı epizodda müdafiəçilər səhvə yol verdilər, yoxsa "Zaltsburq"un futbolçusu daha üstün texniki bacarıq nümayiş etdirdi?

- Beynəlxalq oyunlarda belə epizodlarda rəqibin topu bu qədər rahat qəbul etməsinə imkan vermək olmaz. Əlbəttə, həmin epizodda "Zaltsburq"un oyunçusu yüksək texniki ustalıq nümayiş etdirdi. Amma bu, müdafiəçilərimizə bəraət qazandırmır. Rəqib müdafiə olunan komandanın qapısına doğru nə qədər çox yaxınlaşırsa, müdafiəçilər rəqibin oyunçularına bir o qədər yaxın məsafədə olmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti