...

Məktəblilər velosiped yarışına çıxdılar

İdman Materials 12 Mart 2015 18:05 (UTC +04:00)
Bakının Xəzər rayonunda velosiped idmanı üzrə "Məktəbli Kuboku" yarışı keçirilib.
Məktəblilər velosiped yarışına çıxdılar

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İlkin İzzət/

Bakının Xəzər rayonunda velosiped idmanı üzrə "Məktəbli Kuboku" yarışı keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Trend-ə verilən məlumata görə, AVİF və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bu gün "Bakı-2015 Avropa Oyunları bizim tarixi nailiyyətimizdir" devizi altında "Məktəbli Kuboku" yarışı keçirilib. Mərdəkan qəsəbəsində təşkil olunan turnirdə rayonun 16 məktəbinin komandası mübarizə aparıb.

Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 oğlan və 1 qız iştirakçı olmaqla, estafet sistemi üzrə yarışıblar. Yarımfinal mərhələsinin yekununa əsasən finalçılar müəyyənləşib. Həlledici yürüşdə isə hər məktəbdən 1 iştirakçı qalib adı uğrunda mübarizə aparıb.

Nəticələrə gəlincə, 7 saylı məktəbin velosipedçiləri ən yaxşı nəticə göstərməklə "Məktəbli Kuboku"nun qalibi olublar. 11 saylı məktəbin komandası 2-ci, 1 saylı məktəbin təmsilçiləri isə 3-cü yeri tutub. İlk 3 yeri tutan komandalar AVİF tərəfindən müvafiq olaraq 200, 150 və 100 manat pul mükafatı, həmçinin kubok, medal və diplomla təltif ediliblər. Qaliblərə mükafatı AVİF-in baş katibi Fərhad Əliyev və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev təqdim edib.

Xatırladaq ki, federasiya tərəfindən ötən ilin dekabrında Nərimanov, bir neçə gün öncə isə Səbail rayonunun məktəbləri arasında da pilot layihəli "Məktəbli Kuboku" turniri təşkil edilmişdi. Bütün bu yarışlar ümumrespublika "Məktəbli Kuboku" turnirinə hazırlıq xarakteri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti