Azərbaycan, Bakı, 26 oktyabr /Trend/
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci ildəki təqvim-planına uyğun olaraq, Dağ Velosipedi Parkında Açıq Federasiya Kubokunun sonuncu - 3-cü mərhələsi keçirilib.
Federasiyadan Trend-ə verilən məlumata görə, yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak ediblər.
Reqlamentə əsasən, Elit, U-23 və gənclər kateqoriyasında mübarizə aparan iştirakçılar 2.1 km-lik marşrut boyunca 7, U-17 yaş qrupunun velosipedçiləri 5, 15 yaşadək olan idmançılar isə 3 dövrə vurublar. Ümumilikdə 50-dən artıq idmançının iştirak etdiyi yarış kifayət qədər maraqlı mübarizə şəraitində keçib.
Mərhələnin qaliblərinə gəlincə, 15 yaşlı velosipedçilər arasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin nümayəndəsi Qadir Mustafayev finiş xəttini birinci keçib. Amma 3 mərhələnin yekununa əsasən, onun komanda yoldaşı Osman Qəhrəmanov Federasiya Kubokunun qalibi adını qazanıb. "Lokomotiv" klubunun nümayəndəsi Musa Mikayılzadə də bu mərhələni qalib kimi başa vursa da, bu ona yekun sıralanmada birinci olmaq üçün yetərli olmayıb - qeyd olunan yaş qrupunda İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin velosipedçisi Samir Şıxəlizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Elit, U-23 və gənclər arasında isə gözlənildiyi kimi İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbindən Aqşin İsmayılov bu mərhələdə hamıdan güclü olub. Amma 3 mərhələnin yekununda qeyd olunan məktəbin üzvü Orxan Məmmədov Federasiya Kubokunu başı üzərinə qaldırıb. Fərqlənənlər medal, diplom, kubok və pul mükafaı ilə təltif ediliblər.