...

Səmti müəyyənetmə üzrə dünya çempionatı başa çatıb (FOTO)

İdman Materials 21 İyul 2017 10:51 (UTC +04:00)
1-7 iyul tarixlərində Estoniyanın Tartu şəhərində səmti müəyyənetmə üzrə 34-cü dünya çempionatı keçirilib.
Səmti müəyyənetmə üzrə dünya çempionatı başa çatıb (FOTO)

Bakı. Trend:

1-7 iyul tarixlərində Estoniyanın Tartu şəhərində səmti müəyyənetmə üzrə 34-cü dünya çempionatı keçirilib.

Azərbaycanın Səmti Müəyyənetmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkəmizi tədbirdə Federasiya prezidenti Mirəli Kazımov və milli komandanın idmançısı Süleyman Əliyev təmsil ediblər.

Dünya çempionatından 5 gün öncə Estoniyaya yollanan idmançımız IOF (Beynəlxalq Səmti Müəyyənetmə Federasiyası) tərəfindən təşkil olunan təlim məşqlərində iştirak edib.

Çempionatın ilk yarış günündə Tartu şəhərində təşkil olunan sprint üzrə yarışda idmançımız “Men B” qrupunda start edərək 3.1 km məsafədə 19 nəzarət məntəqəsində qeyd olunmaqla 17 dəqiqə 37 saniyə nəticə göstərib və öz qrupunda 37-ci yeri tutub.

Yarışın ikinci günündə Rougue vilayətinin meşə massivində uzun məsafə üzrə yarışa start verilib. İştirakçılardan 17.1 km-lik məsafədə 25 nəzarət məntəqəsində qeyd olunmaqla finiş xəttinə çatmaq tələb olunurdu. Lakin idmançımız nəzərdə tutulan 4 saatlıq vaxt ərzində məsafəni tamamlaya bilməyib.

Vitipalu vilayəti yaxınlığında təşkil olunmuş orta məsafə üzrə yarışı isə idmançımız 119 dəqiqə 12 saniyəlik nəticə ilə tamamladı. Bütün nəzarət məntəqələrində qeyd olunan idmançımız Norveç, Rusiya, Slovakiya, Misir və Çin Taipeyi kimi ölkələrdən olan idmançıları qabaqlayaraq 77-ci yer ilə kifayətlənib.

Dünya Çempionatı yarışlarına paralel olaraq dəvət olunan mötəbər qonaqlar arasında da “VIP Race” təşkil olunub. Federasiya prezidentləri, IOF rəsmiləri və bir sıra təşkilar nümayəndələrinin qatıldığı yarışda Azərbaycanı Mirəli Kazımov təmsil edib.

Federasiya prezidenti Mirəli Kazımov, IOF tərəfindən təşkil olunan prezidentlərin və məsul şəxslərin iştirakı ilə konfransda iştirak edib. Konfransda səmti müəyyənetmənin gələcək perspektivləri və Olimpiya idman növü olma yolunda atılacaq mümkün addımlar müzakirə olunub. Bununla yanaşı IOF-un Avropa Komissiyasının strukturunun yenidən formalaşması kimi strateji müzakirələrdə Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov öz konstruktiv təklifləri ilə çıxış etmiş və bu təkliflər iştirakçılar tərəfindən müsbət qarşılanıb.

Azərbaycanın bir idman ölkəsi kimi son zamanlar göstərdiyi naillətlər nəzərdən yayınmamış və bu idman növündə inkişaf etməkdə olan ölkə kimi rolu və nəticələri yüksək qiymətləndirilib. Gələcəkdə ölkəmizdə səmti müəyyənetmə idman növü üzrə böyük və mötəbər tədbirlərin həyata keçirilməsi perspektivləri müzakirə olunmuş və Dünyada İlk Səmti Müəyyənetmə Festivalının məhz Azərbaycanda keçirilməsi təklifi irəli sürülüb. Bu təklif bir çox federasiya prezidentləri və IOF rəsmiləri tərəfindən müsbət qarşılanmış və tədbirin həyata keçirilməsi üçün dəstək nümayiş olunub.

Bununla yanaşı Azərbaycan Səmti Müəyyənetmə Federasiyası ilə Türkiyə, Belarus, Rusiya, Çexiya və Bolqarıstan kimi ölkələrin müvafiq federasiyaları arasında rəsmi görüşlər keçirilmiş və qarşılıqlı əməkdaşlıq haqda razılıq əldə olunub. Bolqarıstanın keçmiş idman naziri olmuş və hazırda Bolqarıstan Səmti Müəyyənetmə Federasiyasının prezidenti də Azərbaycanla sıx əməkdaşlıq etmək barədə istəyini bildirib. Bununla yanaşı Aralıq Dənizi Ölkələri Konfederasiyası üzvləri olan Fransa, İtaliya və Serbiya Federasiya prezidentləri ilə həyata keçirilən təkli görüşlərdə Azərbaycanı gələcəkdə bu qurumda görməyi arzuladıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti