Bakı. Trend:
“Qarabağ”ın oyunu əvvəldən sonadək həyəcan dolu keçdi.
Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.
O, UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer” - “Qarabağ” (3:2) matçını dəyərləndirib. Əsədovun sözlərinə görə, Azərbaycan çempionu mübarizəni dayandırsa da, onlara alqış düşür: “Bu cür rəqibə qarşı inamlı oynamaq onu göstərir ki, “Qarabağ” artıq böyüklərin sırasına qədəm qoyur. Oyununun ilk 15 dəqiqəsi rəqibin pressinqi, kombinasiyaları və təzyiqləri ilə keçdi. Hətta rəqib qol imkanları yaratsa da, fərqlənə bilmirdi. Amma daha sonra “Qarabağ”da əks-hücumlar zamanı özünəinam yarandı. Düzdür, rəqib topa sahib olurdu. Amma “Qarabağ”ın hücumları daha kəsərli alınırdı. Nəticədə də 2 qol vurdular”.
O bildirib ki, oyunun dönüş nöqtəsi yenə də “qırmızı vərəqə” olub: “Çünki belə komandaya qarşı 30 dəqiqə mübarizə aparmaq çox çətindir. “Qarabağ”ın növbəti mərhələyə keçə bilməməsinə azlıqda qalması təsir etdi. Rəqibi çox yaxşı analiz etmişdilər. Biz görmüşdük ki, “Bayer” daha çox qısa ötürmələrlə rəqibə mərkəzdən hücumlar qurur. “Qarabağ” da meydanın həmin hissəsində kompaktlıq və sıxlıq yaratmışdı ki, almanlar bunu edə bilmirdi. Hətta azlıqda olan “Qarabağ”ın müdafiəsini yarmağı bacarmırdılar. Bu oyunda da hakimin simpatiyası “Bayer”ə idi. Sonda da nəticə məhz bundan asılı oldu. İstəsə vaxtı bitirə də bilərdi, heç uzatmazdı. Buna görə də “Bayer”in növbəti mərhələyə çıxmasına hakimin təsiri oldu”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının 1/8 finalında 2 oyunun nəticəsinə görə 4:5 hesabı ilə məğlub olaraq yarışla vidalaşıb.