Bakı. Trend:
2026-cı ilin iyun ayında Azərbaycan yenidən cüdo dünyasının mərkəzinə çevriləcək və dünya çempionatına ev sahibliyi edəcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyası arasında müvafiq razılıq əldə edilib.
Cüdo üzrə Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya təsnifat yarışlarına Bakıda keçiriləcək dünya çempionatı ilə start veriləcək.
Bu nüfuzlu tədbir, yeni Olimpiya dövründə qlobal cüdo icması tərəfindən səbirsizliklə gözlənilir. Dünyanın çox sayda ölkəsindən ən güclü idmançılar paytaxt Bakıda mübarizə aparacaqlar.
Azərbaycan daha əvvəl 2018-ci ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edərək, yüksək səviyyəli beynəlxalq idman tədbiri təşkil edib.
Beynəlxalq Cüdo Federasiyası tərəfindən dərc olunan məqalədə Bakının bu tədbirə ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanır və Azərbaycan Prezidenti cənab İlham Əliyevin davamlı dəstəyi, eləcə də ölkənin idman təşkilatlarının birgə səyləri nəticəsində Azərbaycanın cüdo sahəsində güclü oyunçuya çevrildiyi bildirilir. Məqalədə, həmçinin, Hidayət Heydərov və Zelim Kotsoyevin Paris 2024 Olimpiya Oyunlarında qazandıqları qızıl medallar bu nailiyyətlərin zirvəsi kimi vurğulanır.
Azərbaycan Cüdo Federasiyası dünya səviyyəli infrastruktur, dərin idman ənənələri və coşğulu azarkeş kütləsi ilə idmançıları, rəsmi şəxsləri və cüdo həvəskarlarını dünya çempionatında qarşılamağı səbirsizliklə gözləyir.