Bakı. Trend:
Azərbaycanda ilk dəfə “IRONMAN 70.3 BAKU” yarışı keçiriləcək. Bu, çox maraqlı və təntənəli tədbir olacaq. Çünki yarış həyəcanı Bakımızın tam mərkəzində yaşanacaq.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Triatlon Federasiyasında yığma komandanın üzvü Milanə Xəlilova deyib.
Tratlonçu bildirib ki, yarışın məsafəsi 1,9 kilometr üzmək, 90 kilometr velosiped, 21,1 kilometr qaçış təşkil edir:
“Xəzər dənizində üzəcəyik, oradan çıxıb şəhərimizin ən gözəl yerlərindən biri olan Neftçilər prospektində velosiped sürəcəyik, tariximizi özündə əks etdirən İçərişəhərdən də keçəcəyik, qaçış mərhələsi isə Bakı bulvarında olacaq.
Yarışın marşrutuna Bayıl qəsəbəsi, Bibiheybət məscidi, Neftçilər prospekti, Kukla teatrı, İçərişəhər, Qız qalası və digər tarixi ərazilər daxildir.
İdmançılar şəhərin müxtəlif səmtlərindən keçib şəhərimizin gözəlliyi ilə öz gözləri ilə tanış olacaqlar”.
Milli komandanın üzvü vurğulayıb ki, müxtəlif qitələrdən idmançıların qatılacağı turnir bütün dünyada səbirsizliklə gözlənilir:
“Bu yarış bütün idmançılar üçün olduğu kimi mənim üçün də çox həyəcanvericidir. Mübarizədə ölkəmizi layiqincə təmsil etmək üçün təbii ki çox çalışmaq lazımdır. Cəmi bir il vaxtımız var. Lakin bu müddət ərzində çox ciddi məşqlər edib özümüzü tam hazır vəziyyətə gətirəcəyik ki, nəticə əldə edə bilək”.
İdmançı əlavə edib ki, “IRONMAN” yarışının da özünəməxsus çılğın azarkeşləri var. Bu yarış həmin azarkeşlərin turist kimi ölkəmizə cəlb edilməsində özünəməxsus rol oynayacaq:
“Biz Özbəkistandakı yarışda azarkeşlərin dəstəyini, marağını hiss edirdik. İnsanlar idmançıların formalarını geyinərək musiqilərlə, şüarlarla onları qələbəyə səsləyirdilər.
Bundan da böyükmiqyaslı beynəlxalq idman yarışı doğma Bakımızda keçiriləcək. Bu, xeyli sayda idmansevərin paytaxtımıza gəlməsi, öz tarixi və müasirliyi ilə göz oxşayan şəhərimizə turist axınının olması mənasına gəlir.
Dünyanın dörd bir yanından olan idmansevərlər Bakımızda bir araya gələcək və ölkəmizdən çox müsbət təəssüratla ayrılacaqlar”.