...

Hərbi komissarın məhkəməsində şahid ifadə verib

Gündəm Materials 1 Oktyabr 2025 18:05 (UTC +04:00)
Hərbi komissarın məhkəməsində şahid ifadə verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kapitan Xalid Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə şahid ifadə verib.

Cinayət işi üzrə şahid qismində tanınan Ülfət Məmmədov bildirib ki, Xəzər Tibb Mərkəzində stomatoloq işləyir və Xəzər Rayon Hərbi Komissarlığında tibbi komissiyanın üzvüdür:

“Maya Qocayeva və Taleh Rüstəmov qonşumdur. Oğulları Fuad Rüstəmov imtahandan kəsilmişdi. Növbəti dəfə imtahan vermək üçün ona hərbi xidmətdən möhlət lazım idi. Mənə dedilər. Mən də Ramin Şükürova yaxınlaşdım. Ona həmin şəxsin gözündə və ayağında probleminin olduğunu dedim. Çağırışçının onun yanına gəlməsini mənə tapşırdı. Bir-iki gün sonra Maya xanım məndən işlə maraqlanmağımı istədi. Mən Ramindən məlumat istədim və dedim ki, ailənin vəziyyəti yaxşı deyil, 4 min manat verə bilərlər. Razılaşdıq. Mən Maya xanımdan məhəllədən pulu götürdüm və komissarlığa getdim. Ramin dedi ki, pulu 6-cı otaqda Xalid Əzizova ver. Mən də pulu sənədlərin arasına qoyub otağa təhvil verdim. Dediyi kimi də etdim. Xalidin bundan xəbəri yox idi. Biz həmin pulu rüşvət kimi deyil, “şirinlik” kimi vermişik”.

Təqsirləndirilən Ramin Şükürov bildirib ki, şahid məhkəməyə yalan ifadə verir:
“ Şahid tibbi komissiyanın üzvüdür və yoxlanışda iştirak edir. Lakin həmin prosesdə həkimin çağırışçının səhhətində şübhələndiyi hallarda hansı hərəkətləri edəcəyini bilmir”.

Məhkəmə şahidin ibtidai istintaqa verdiyi ifadəni elan edib.

Şahid ibtidai istintaqda bildirib ki, təqsirləndirilən Ramin Şükürov ona bəzi şəxslərin 6 min, bəzilərinin 8 min verdiyini deyib. Lakin mən ailə vəziyyətinin aşağı olduğunu deyəndə 4 min manata razılaşdıq. Mən pulu götürüb komissarlığa getdim. Ramin mənə pulu Xalid Əzimova verməyimi istədi. Mən pulu verdim. Xalid məndən pulu alandan sonra onları saydı”.

Şahidin ifadələri arasında ziddiyyət olub. Şahid məhkəməyə verdiyi ifadəni təsdiq edib.

Ülfət Məmmədov bildirib ki, 6 min, 8 min söhbəti ümumi danışıq əsnasında olub:
“Biz ümumi söhbətlər edirdik. Rusiya-Ukrayna müharibəsi, hərbi xidmətdən yayınma və başqa söhbətlər. Mən pulu Xalidə verdim, amma onun saydığını ehtimal edib demişəm”.

Şahid bildirib ki, ibtidai istintaqa həyacanlı olduğu üçün belə ifadə verib.

“İstintaq orqanına çağırıldım, amma səbəbi bilmirdim. Yolda fikirləşdim ki, kimsə dişinin ağrısına dözməyib, əsəbiləşib, Prezidentə, daxili işlər naziri Vilayət Eyvazova şikayət edib. İndi də həyacanlıyam. İlk dəfədir məhkəmədə ifadə verirəm”.

Məhkəmə 15 oktyabrda davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, Xalid Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ittiham irəli sürülüb.

Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra Ramin Şükürov məhkəmənin qərarı ilə ev dusdalığına buraxılıb

Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti