Bakı. Trend:
Misli Premyer Liqasının XVII turun son oyununda turnir cədvəlinin lideri “Sabah” autsayder “Karvan-Yevlax”la qarşılaşıb.
Trend xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş “bayquşlar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə sayəsində Bakı təmsilçisi ötən gün məğlub olan ən yaxın izləyicisi “Qarabağ”la xal fərqini 4-ə yüksəldib.
“Sabah”ın qollarını Aron Maluda 9 və 22-ci dəqiqələrdə, Umarali Raxmonaliyev 32-ci dəqiqədə, Velko Simiç isə 84-cü dəqiqədə vurub. Qonaq komandanın yeganə qolunun müəllifi isə 83-cü dəqiqədə Olavale Doyeni olub.
40 xala malik “Sabah” turnir cədvəlində vahid lider mövqeyini qoruyur. “Karvan-Yevlax” isə 6 xalla sonuncu – on ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən qarşılaşmalarında “İmişli” “Araz-Naxçıvan”la 2:2, “Neftçi” isə “Zirə” ilə 0:0 hesablı heç-heçə edib. “Qəbələ” “Şamaxı”nı 4:0, “Kəpəz” “Qarabağ”ı 2:0, “Turan Tovuz” isə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.
xxx
18:36
Misli Premyer Liqasının XVII turunda “Turan Tovuz” “Sumqayıt” üzərində qələbə qazanıb.
Trend xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma tovuzluların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qərb təmsilçisinin heyətində Hayderson Hurtado 13-cü dəqiqədə, Rəhim Sadıxov isə 69-cu dəqiqədə fərqlənib. “Sumqayıt”ın yeganə qolu da “Turan Tovuz”un futbolçusu Hayderson Hurtadonun passivinə yazılıb. Belə ki, o, 61-ci dəqiqədə avtoqol müəllifi olub.
Bu qələbədən sonra “Turan Tovuz” xalını 30-a çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Sumqayıt” isə 27 xalla beşinci yerdə qalıb.
xxx
09:37
Misli Premyer Liqasında XVII tura bu gün yekun vurulur.
Trend xəbər verir ki, turun son oyununda iki oyun keçiriləcək.
Əvvəlcə "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 16:00-da Mehdi Hüseynzadə stadionunda keçirilsə də, nominal meydan sahibi "Turan Tovuz" komandası olacaq.
Günün 2-ci matçında "Sabah" evdə "Karvan-Yevlax" ilə qarşılaşacaq. Oyun saat 18:30-da start götürəcək.
