...

Bakıda Azərbaycan və İran dəmiryolçuları arasında görüş keçirilib (FOTO)

İqtisadiyyat Materials 7 Fevral 2017 17:16 (UTC +04:00)

Bakı. Trend:

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İran İslam Respublikası Yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun prezidenti Səid Məhəmmədzadə arasında görüş keçirilib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Astara (Azərbaycan) və Astara (İran) dəmir yolu sahəsinin tikintisi, Astara terminalının inkişaf etdirilməsi, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işlərin icra vəziyyəti məsələləri müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov iki ölkə Prezidenti arasında yaranmış səmimi münasibət nəticəsində ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsini qeyd edib. Eyni zamanda Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələrdən, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması prosesində görülən işlərdən, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının istifadəyə verilməsindən və digər məsələlərdən danışıb.

İİR Yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yolunun prezidenti Səid Məhəmmədzadə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişinin başa çatmasını, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının fəaliyyətə başlamasını yüksək dəyərləndirib. Bildirib ki, Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xətti mart ayında istifadəyə veriləcək. Hazırda Astarada (İran) işlər sürətlə davam edir. Bu işlərin tərkibinə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası daxildir.

Sonda ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti