Bakı. Trend:
Azərbaycanda akkreditasiya olunmuş 287 uyğunluğu qiymətləndirən qurum fəaliyyət göstərir.
Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qurumlardan 45-i sertifikatlaşdırma orqanı, 197-si sınaq laboratoriyası, 45-i isə kalibrləmə laboratoriyasıdır.
Bildirilir ki, 2007-ci ilin oktyabr ayında Avstraliyanın Sidney şəhərində Laboratoriyaların Beynəlxalq Akkreditasiya üzrə Əməkdaşlıq Təşkilatının (İLAC) və Beynəlxalq Akkreditasiya Forumunun (İAF) Baş Assambleyasında qəbul olunmuş qətnamədə hər ilin iyunun 9-nun Beynəlxalq Akkreditasiya Günü kimi qeyd olunması qərara alınıb. Bu günün əsas məqsədi akkreditasiyanın vacibliyini və bu fəaliyyətlə məşğul olanların məsuliyyətini ictimaiyətə çatdırmaqdır.
Azərbaycanda qeyri-neft ixrac potensialının gücləndirilməsi ilə bağlı siyasətin həyata keçirilməsində keyfiyyət infrastrukturu sahələrindən biri kimi akkreditasiyanın rolu böyükdür. Akkreditasiyanın Azərbaycan üçün yeni təcrübə olmasına baxmayaraq, bu sahənin inkişafı günbəgün artmaqdadır.
Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli fərmanına əsasən akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi təsis edilib. Mərkəz ölkədə fəaliyyət göstərən sınaq və kalibrləmə laboratoriyalarının, keyfiyyəti idarəetmə sistemlərinin tətbiqi və sertifikatlaşdırılması ilə məşğul olan orqanların, məhsulların, personalların və inspeksiya xidmətlərini göstərən uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiya edilməsi ilə bağlı işləri həyata keçirir.
Ümumilikdə isə Azərbaycanda milli akkreditasiya sisteminin əldə etdiyi uğurlar bir neçə il əvvəldən başlayıb. 2012-ci ildə mərkəz (o zaman Dövlət Akkreditasiya Xidməti) İLAC-a müşahidəçi üzv kimi qəbul edilib. İLAC-a üzv olmaqla mərkəz beynəlxalq təşkilat tərəfindən akkreditasiya sahəsində yeni standart və qaydaların hazırlanmasında iştirak, qəbul edilmiş akkreditasiya üzrə normativ sənədlərin əldə edilməsi və bu istiqamətdə təcrübə mübadiləsində iştirak imkanları qazanıb. Eyni zamanda ticarətdə texniki maneələrin aradan qaldırılmasına, elmi-texniki məlumatların və texnologiyaların mübadiləsinə geniş imkanlar yaranıb. İLAC-a üzvlüyün ən böyük üstünlüyü akkreditasiya qurumunun fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi olub.
2014-cü ildə qəbul edilmiş “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun bu fəaliyyətin qanunvericilik bazasını yaratmaqla, ölkədə hüquqi tənzimləməni təmin edib.
Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlara çıxışının təmin olunması və yerli məhsulların ixrac potensialının artırılması məqsədi ilə milli akkreditasiya sisteminin beynəlxalq aləmdə tanınmasının təmin olunması ilə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin cari ilin 22-25 may tarixlərində Sloveniyanın Bled şəhərində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasında iştirakını və əldə olunmuş nəticələri də akkreditasiya sahəsinin inkişafına xidmət edib.
Tədbir çərçivəsində Azərbaycanın nümayəndə heyəti Latviya, Belarus, Türkiyə və Moldova nümayəndə heyətləri ilə görüşlər keçirib, akkreditasiya sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycan Akkreditasiya Mərkəzinin təşkilata üzvlüyünün dəstəklənməsi ilə bağlı razılıq əldə olunub. Almaniya Akkreditasiya Qurumunun (DAkkS) rəhbəri Stefan Finke ilə görüş zamanı Avropa Birliyinin maliyyəsi ilə DAkkS tərəfindən cari ilin iyun ayında icrasına başlanacaq “Azərbaycanda akkreditasiya sisteminin gücləndirilməsi” adlı “Tvinninq” layihəsi çərçivəsində görüləcək işlər müzakirə edilib.
Bildirilib ki, Almaniya, İtaliya və Latviyanın akkreditasiya qurumlarının birgə konsorsiumu tərəfindən icra olunacaq layihənin məqsədi Avropa tələblərinə cavab verən akkreditasiya sistemi vasitəsilə Azərbaycanın iqtisadi inkişafına və dünya bazarına çıxışına töhfə verməkdir. Layihənin sonunda Azərbaycan akkreditasiya orqanının bu sahədə beynəlxalq təşkilat olan EA-ya tam hüquqlu üzvlük təmin olunacaq ki, bu da öz növbəsində ölkəmizin akkreditasiya prosedurlarının tanınması və ixrac proseslərində texniki maneələrin aradan qaldırılması deməkdir.
Səfər zamanı həmçinin, EA-nın vitse-prezidenti İqnasio Pina və aparatının rəhbəri Martine Blum ilə təşkilata üzvlüklə ilə bağlı cari ilin əvvəlində Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən təqdim olunmuş müraciət müzakirə edilib. Müraciət EA katibliyi tərəfindən yüksək qiymətləndirilib və noyabr ayında Berlində keçiriləcək Baş Assambleyanın növbəti iclası zamanı Azərbaycanın müvafiq qurumunun həmin təşkilata assosiativ üzv olaraq qəbulunun rəsmiləşdirilməsi barədə razılıq əldə olunub.