...

Azərbaycan DB ilə Kənd İnvestisiya Layihəsinin 3-cü mərhələsi üzrə danışıqlar aparıb

İqtisadiyyat Materials 27 Sentyabr 2017 09:45 (UTC +04:00)
Azərbaycan Dünya Bankı (DB) ilə Azərbaycan Kənd İnvestisiya Layihəsinin 3-cü mərhələsi üzrə danışıqlar aparıb
Azərbaycan DB ilə Kənd İnvestisiya Layihəsinin 3-cü mərhələsi üzrə danışıqlar aparıb

Bakı. Trend:

Kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb. Görüşdə Dünya Bankı (DB) tərəfindən həyata keçirilən Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) 3-cü mərhələsi üzrə danışıqlar aparılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, H.Əsədov Azərbaycanda aqrar islahatların həyata keçirilməsində, kənd təsərrüfatının inkişafında DB tərəfindən həyata keçirilən layihələrin müstəsna rolunu və səmərəliliyini qeyd edərək, bundan sonra da yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verdiyini bildirib. Nazir DB ilə əməkdaşlıqdan məmnun olduğunu diqqətə çatdıraraq Birinci və İkinci Kənd İnvestisiya Layihələrinin müsbət nəticələrini verdiyini, infrastruktur layihələrin həyata keçirildiyini, icmaların yaranmasında, bazara çıxış imkanlarının yaxşılaşdırılmasında fermer və sahibkarların bacarıqlarının, məşğulluğunun və gəlirlərinin artırılmasında bu layihənin əhəmiyyətini vurğulayaraq, fermer və sahibkarların bundan bəhrələndiyini qeyd edib.

DB-nin layihə üzrə qrup rəhbəri Satoşi İşihara səmimi qəbula görə təşəkkürünü bildirərək Kənd İnvestisiya Layihəsi çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edərək, bundan sonra da əməkdaşlığa önəm verdiyini bildirib.

DB-nin layihə üzrə qrup rəhbərinin müavini Tara Şərəfudhin Kənd İnvestisiya Layihələrinin Birinci və İkinci mərhələləri üzrə görülmüş işlər üzrə məlumat verərək, 2005-ci ildən bu günə qədər AzKİL çərçivəsində 1999 icma yönümlü layihə həyata keçirildiyini bildirib. T.Şərəfudhin bu layihələrin əsasən infrastruktur layihələr olmaqla 1141 kənddaxili yolun bərpası, 262 içməli su sisteminin bərpası, 147 irriqasya və drenaj sisteminin bərpası, 42 məktəbin təmiri və bərpası, 21 uşaq bağçasının təmirı və bərpası, 200 icmada abadlıq işlərinin aparılması və s tədbirlərin həyata keçirildiyini və coğrafi xəritənin tərtib olunduğunu qeyd edib. Layihə çərçivəsində həyata keçirilmiş tədbirlər son nəticədə icmaların formalaşmasına, bacarıq və vərdişlərin, o cümlədən əhalinin gəlirlərinin artırılmasına yönəlib.

DB-nin layihə üzrə qrup rəhbərinin müavini T.Şərəfudhin AzKİL-3 layihəsi üzrə hazırlanmış konsepsiya barədə məlumat verib. Bildirib ki, layihədə əsas məqsəd infrastrukturun hazırkı vəziyyəti, icmalarda potensialların və maliyyə çıxışlarının, kiçik sahibkarların dəstəklənməsi, gəlirlərin artırılmasında dayanıqlılığın, kənd əhalisinin bacarıqlarının və vərdişlərinin artırılması, beynəlxalq təcrübədən yararlanmaqla coğrafi informasiya sistemi üzrə məlumatların toplanması, (xəritələrin hazırlanması,) AZKİL 1 və Azkil 2-nin nəticələrindən bəhrələnməklə icmal infrasturukturunun dayanıqlılığının artırılması, infrasturuktur obyektlərin, o cümlədən AzKİL tərəfindən tikilmiş obyektlərin idarə edilməsində bacarıqların gücləndirilməsi, bələdiyyələrin kənd yolları, kəndin su təchizatı sistemləri və digər infrastruktur obyektlərinin hüquqi sahibləri kimi öz öhdəliklərini tam yerinə yetirməsini təmin etmək məqsədilə onların maliyyə, texniki bacarıq və potensialında mövcud olan boşluqların aradan qaldırılmasıdır.

H.Əsədov layihənin səmərəliliyini artırmaq məqsədilə infrastruktur layihələrlə yanaşı aqrar yönümlü sahələrə də üstünlük verilməsinin vacibliyini bildirərək, Strateji Yol Xəritəsində nəzərdə tutulan əsas hədəflərin icrasına, xüsusilə beynəlxalq təcrübədən yararlanmaqla süd və ət kəsimi məntəqələrinin yaradılması, bağların salınması, kooperativlərin yaradılması, terraslarda fındıq bağlarının salınması, tinglik təsərrüfatlarının yaradılması, bütövlükdə kompleks yanaşmanın vacibliyini vurğulayıb və layihəni bütövlükdə dəstəklədiyini bildirib.

Yekunda təkliflər nəzərə alınmaqla layihələrin təkmilləşdirilməsi, strateji qiymətləndirməni aparmaqla aqrar sektorda ehtiyacların müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti