...

Azərbaycan - AYİB əlaqələri müzakirə olunub

İqtisadiyyat Materials 23 Noyabr 2017 18:44 (UTC +04:00)
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bankçılıq üzrə vitse-prezidenti Alan Pilo ilə görüşüb.
Azərbaycan - AYİB əlaqələri müzakirə olunub

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bankçılıq üzrə vitse-prezidenti Alan Pilo ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və AYİB arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar və onların uğurlu nəticələri bank rəsmisinin diqqətinə çatdırılıb.

Ş.Mustafayev Azərbaycan və AYİB arasındakı səmərəli və uzunmüddətli əməkdaşlığın olduğunu, Bankın ölkəmizdə özəl sektorun maliyyələşdirilməsi, enerji, infrastruktur və s. sahələrə dəstək göstərdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və AYİB arasında mühüm layihələrdən olan Cənub Qaz Dəhlizi layihəsi həm Azərbaycan, həm də Avropa üçün önəmlidir. Bu baxımdan AYİB-in Direktorlar Şurasının Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan TANAP layihəsinin maliyyələşdirilməsinə vəsait ayırmasını təsdiq etməsi əhəmiyyətlidir.

AYİB-lə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikirlərini bölüşən nazir Bankın infrastruktur layihələrinin reallaşdırılmasına və biznesin inkişafına dəstək göstərməsinin önəmini diqqətə çatdırıb. Bildirilib ki, AYİB-in maliyyə dəstəyi ilə Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun, Bəhramtəpə-Biləsuvar və digər avtomobil yollarının tikintisi nəzərdə tutulur. Azərbaycan tullantıların idarə olunması, ekoloji və KOS-lara dəstək sahələrində də AYİB-lə əməkdaşlıq edir. Bankın baş ofisində Azərbaycanın iqtisadi perspektivlərinə dair təqdimat keçiriləcək.

AYİB-in Bankçılıq üzrə vitse-prezidenti Alan Pilo Azərbaycanda iqtisadi sahədə, o cümlədən sahibkarlığın inkişafı, gömrük, lisenziyalaşdıma və digər sahələrdə aparılan islahatları vurğulayaraq, Bankın bu addımları dəstəklədiyini diqqətə çatdırıb. AYİB Direktorlar Şurasının Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsinə dair sənədi təsdiq etməsini qeyd edən Alan Pilo layihə çərçivəsində Bankla Azərbaycan arasında sıx əməkdaşlığın həyata keçirildiyini və layihənin önəmli olduğunu vurğulayıb. Bildirilib ki, Bank Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasına hər zaman dəstək göstərməyə hazırdır. Bundan başqa, KOS-lara maliyyə dəstəyinin göstərilməsi, banklara maliyyənin ayrılması və bərpa olunan enerji sahələrində də əməkdaşlıq imkanları genişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti