Bakı. Trend:
Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə birgə icra olunan “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsi üzrə həmin ölkənin KOASE (Xarici Xidmətlər üzrə Baş Mütəxəssislər) Assosiasiyasının mütəxəssisləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzi ilə tanış olublar.
Nazirlikdən Trend-ə verilən məlumata görə, koreyalı mütəxəssislərə ölkəmizdə sağlamlıq imkanları məhdud gənclərin peşə təhsili xidmətlərinə də əlçatanlığnın təmin edilməsi üçün inklüziv mühitin yaradılması istiqamətində aparılan işlər barədə məlumat verilib. Həmin gənclərin sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyasına yönələn tədbirlərin bir istiqamətinin də onların əmək bazarına çıxış və məşğulluq imkanlarının dəstəklənməsinə yönəldiyi vurğulanıb. Qeyd olunub ki, 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzi qeyd olunan gənclərin yeni peşələrə yiyələnmələri ilə bərabər, ümumən onların sosial reabilitasiyasında əhəmiyyətli rol oynayır. Mərkəzdə ölkəmizin bütün bölgələrindən sağlamlıq imkanları məhdud gənclər müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunur, həmçinin onların tətbiqi sənət növləri üzrə istedad və qabiliyyətləri burada müvafiq məşğələlər şəraitində təkmilləşdirilir. İndiyədək sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində 1400 nəfər gənc müxtəlif peşələr üzrə peşə kurslarına cəlb olunub.
Qonaqlar mərkəzdə peşə hazırlığı üçün yaradılmış şəraitlə, gənclərin müxtəlif peşələr üzrə səmərəli peşə hazırlığını təmin etmək üçün aparılan işlərlə, ayrı-ayrı peşələrin tədrisi prosesi ilə yaxından tanış olublar.
Layihənin rəhbəri Chung Pan Dong, layihənin əməkdaşı, “Korea Association of Senior Experts For Overseas Sevice” Assosiasiyasının direktoru Hyung Soon Yun Azərbaycanda dövlət tərəfindən sağlamlıq imkanları məhdud gənclər üçün müasir tələblərə uyğun belə bir mərkəzin yaradılmasının, burada gənclərə səmərəli peşə tədrisi xidmətlərinin göstərilməsinin təqdirəlayiq olduğunu vurğulayıblar.
Mərkəzdəki gənclərin hazırladıqları tətbiqi sənət növləri üzrə əl işləri də qonaqlarda böyük marağa səbəb olub. Koreyalı mütəxəssislər gələcəkdə bu mərkəzlə əməkdaşlığın həyata keçirilməsini diqqətdə saxlayacaqlarını qeyd ediblər.