...

AZPROMO və “KazakhExport” arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

İqtisadiyyat Materials 23 May 2018 15:44 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan işgüzar görüşü keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Qazaxıstan tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, konsaltinq, tikinti, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox sahibkar iştirak edib.

AZPROMO-nun prezidenti Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələri və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsayev Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişaf etdiyini, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib.

İşgüzar görüş çərçivəsində AZPROMO və “KazakhExport” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün qarşılıqlı əməkdaşlıq, müntəzəm olaraq iqtisadi, ticarət və biznesə dair məlumatlar və sahibkarların dəstəklənməsi sahəsində görülən işlərlə bağlı təcrübə mübadiləsi, hər iki ölkənin sahibkarları arasında mövcud əlaqələrin genişləndirilməsi və yeni əlaqələrin yaradılması və s. məsələlər əksini tapıb.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti